REGİONLAR
“Dünya Müəllimi Mükafatı”na namizəd Məhəmməd Qarakişiyev Azərbaycanın ən yaxşı müəllimləri sırasında
Balakən, 18 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Bir neçə gün əvvəl ABŞ-ın sabiq Prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu “Varkey GEMS” Fondu tərəfindən təsis olunmuş “Dünya Müəllimi Mükafatı”na 50 xoşbəxt namizəddən biri kimi müsabiqənin finalına vəsiqə qazanmağın sevincini yaşayan Balakən şəhərindəki akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Məhəmməd Qarakişiyev daha bir uğura imza atıb. Onun adı Azərbaycanda 2013-2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri sırasındadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 17 dekabr tarixli Sərəncamına əsasən, Məhəmməd Qarakişiyev müsabiqənin digər qalibləri kimi, beş min manat məbləğində birdəfəlik pul mükafatına layiq görülüb.
M. Qarakişiyev AZƏRTAC-a eksklüziv müsahibəsində deyib: “Mən bu gün daha bir uğurun sevincini yaşayıram. Bu mükafat mənim üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan təhsilinin inkişafına, biz müəllimlərə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Bu mükafat biz müəllimləri daha yaxşı işləməyə ruhlandırır. Çalışacağam ki, bundan sonra da gənc nəslin təlim-tərbiyəsi işinə öz layiqli töhfələrimi verim”.