İQTİSADİYYAT
Dünya Neft Konqresi: Azərbaycanın neft strategiyasının məqsədi ümumi inkişafa nail olmaqdır
İstanbul, 13 iyul, АZƏRTAC
İyulun 9-da İstanbulda rəsmi açılışı olan 22-ci Dünya Neft Konqresi dörd gün davam edəndən sonra işini uğurla başa çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirakı ilə iyulun 10-da Konqres çərçivəsində keçirilən prezidentlərin tədbirində dünyanın enerji təhlükəsizliyi üçün mühüm mesajlar verilib. Prezident İlham Əliyevin Konqresdəki proqram xarakterli nitqindən bir məqama müraciət etmək çox əhəmiyyətlidir: “...Hesab edirəm ki, Azərbaycan təcrübəsi uğurludur. Bizim ölkəmizə xarici sərmayə də böyük həcmdə qoyulur. Öz növbəmizdə, biz də xarici ölkələrə sərmayə qoyuruq. Burada da birinci yerdə qardaş ölkə Türkiyədir. Türkiyənin enerji sektoruna bu günə qədər 10 milyard dollar sərmayə qoyulubdur. Növbəti illərdə bu rəqəm təxminən iki dəfə artacaqdır”.
Rəsmi məlumata görə dörd gündə 90-dan çox ölkədən 3 min iştirakçının qatıldığı Konqresdə 600 çıxış olub. Dünyanın aparıcı KİV-lərindən 500 nəfər media mənsubu Konqresin işini işıqlandırıb.
Konqres karbohidrogen ehtiyatların faydalı formada işlənilməsini insan amili üçün mühüm istiqamət kimi dəyərləndirib. Həmçinin, prezidentlərin tədbiri də daxil olmaqla Konqres çərçivəsində aparılan müzakirələrdə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycanın uzaqgörən neft strategiyasının inkişaf istiqamətləri, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və böyük bir coğrafiyanın inkişafındakı rolu mühüm amil kimi qiymətləndirilib. Konqresdə dəfələrlə vurğulanıb ki, Azərbaycanın karbohidrogen ehtiyatlarının düzgün işlənilməsi və faydalı formada nəqli TANAP və TAP kimi beynəlxalq əhəmiyyətli dəhlizlərin gerçəkləşməsində hərəkətverici və davamlılığı qoruyan amildir. Bu reallıq qardaş Türkiyəni Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində tranzit ölkəyə çevirib.
Konqresin bağlanışı münasibətilə ziyafət verilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul