İQTİSADİYYAT
Dünya Poçt İttifaqının yaranmasının 141-ci ildönümü qeyd olunur
Bakı, 9 oktyabr, AZƏRTAC
9 oktyabr Dünya Poçt İttifaqının (UPU) yaranmasının 141-ci ildönümüdür.
İsveçrənin Bern şəhərində (1874-cü il oktyabrın 9-da) dünyanın 22 ölkəsinin iştirakı ilə keçirilmiş toplantıda UPU-nun yaradılması haqda razılıq əldə olunub və vahid beynəlxalq poçt qaydaları müəyyən edilib. 9 oktyabr tarixinin Dünya Poçt Günü kimi qeyd olunması barədə qərar isə 1969-cu ildə Yaponiyada keçirilmiş UPU-nun konqresində qəbul olunub.
Yarandığı vaxtdan ötən illər ərzində çox böyük tarixi inkişaf yolu keçmiş Dünya Poçt İttifaqı hazırda dünyanın 193 ölkəsini üzv-ölkə kimi özündə birləşdirməklə təkcə poçt sahəsində deyil, həm də bütün beynəlxalq aləmdə vacib rolu olan və digər beynəlxalq təşkilatlarla sıx əlaqəli şəkildə fəaliyyət göstərən bir quruma çevrilib. UPU həm də siyasi bir təşkilat olmaqla BMT-nin xüsusiləşdirilmiş idarəsi kimi fəaliyyət göstərir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir çox beynəlxalq təşkilatlarla yanaşı, 1993-cü ildən UPU-nun üzvlüyünə qəbul olunub. Qısa zaman ərzində Azərbaycan poçtu ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi, çox sürətli inkişaf yolu keçib və öz fəaliyyətinin UPU-nun müəyyən etdiyi beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində mühüm uğurlar əldə edib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan Poçt müdiriyyəti UPU orqanlarındakı fəal iştirakının və gərgin əməyinin nəticəsi olaraq bu qurumun mötəbər orqanlarında - Administrativ Şurada 8 il, Poçt İstismarı Şurasında isə 4 il üzv-ölkə kimi fəaliyyət göstərib.
"Azərpoçt" MMC tərəfindən Dünya Poçt İttifaqının yaranmasının 141 illiyi münasibətilə geniş tədbirlər həyata keçirilib. Tədbirlər planına əsasən, əlamətdar gün münasibətilə tabeli müəssisələrdə toplantılar keçirilib. Eyni zamanda texniki vasitələrin daimi işləməsi, poçt göndərişlərinin vətəndaşlara vaxtında çatdırılmasına nəzarət gücləndirilib. Bundan başqa bayram münasibətilə Kürdəmir Poçt Filialının Qocalı və Mehdili Poçt şöbəsi binalarının açılışı, "Azərpoçt" MMC-nin mobil avtomobillərinin Xaçmaz və Biləsuvar rayonlarının Xanoba və Qoşatəpə sərhəd keçid məntəqələrində maliyyə poçt xidmətlərinin göstərilməsi təşkil edilib.