İDMAN


Dünya Şahmat Olimpiadasında onuncu tur başa çatıb

A+ A

Bakı, 12 sentyabr, AZƏRTAC

Bu gün “Baku Crystal Hall”da 42-ci Dünya Şahmat Olimpiadasının onuncu turu başa çatıb.

AZƏRTAC xəbər verir ki, kişilərin yarışlarında Azərbaycanın birinci yığması 1,5:2,5 hesabı ilə İngiltərə komandasına uduzub, ikinci komandamız Serbiya yığması ilə heç-heçə oynayıb, üçüncü yığmamız isə Yaponiya komandası üzərində təmiz qələbə qazanıb.

Qadınların yarışlarında Azərbaycanın birinci komandası Kolumbiya yığmasına 3:1 hesabı ilə, ikinci komandamız İsveçrə yığmasına 3,5:0,5 hesabı ilə qalib gəlib, üçüncü yığmamız isə Belarus komandasına uduzub (1,5:2,5).

On bir turdan ibarət olan yarışlar sentyabrın 13-də başa çatacaq.

Kişilərin açıq Olimpiadasında sonuncu tur ərəfəsində hər biri 18 xal toplamış ABŞ və Ukrayna komandaları liderlik edir. Rusiya komandası iki xal geri qalır.

Qadınların Olimpiadasında 18 xal toplamış Çin komandası irəlidədir. Rusiya komandasının 16 xalı, Polşa, Ukrayna, Hindistan və ABŞ komandalarının hər birinin 15 xalı var.

Xatırladaq ki, Olimpiadada Azərbaycanı kişilərdən və qadınlardan ibarət komandalar (hər biri üç komanda ilə) təmsil edir. Kişilərdən ibarət birinci komandaya Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli və Arkadi Naydiç, ikinci komandaya Vasif Durarbeyli, Namiq Quliyev, Qədir Hüseynov, Nicat Abbasov və Ülvi Bacarani, üçüncü komandaya isə Nail Bəşirli, Məhəmməd Muradlı, Vüqara Əsədli, Pərviz Qasımov və Abdulla Qədimbəyli daxildir.

Azərbaycanın qadınlardan ibarət birinci komandası Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Aydan Xodjatova, Gülnar Məmmədova və Nərmin Kazımova ilə təmsil olunub. Qadınlardan ibarət ikinci komandamıza Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Nərmin Xələfova, üçüncü komandaya isə Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və Aynur Kətanova daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.