CƏMİYYƏT


Dünya Səhiyyə Təşkilatı Azərbaycanın pandemiyaya qarşı mübarizə sahəsindəki fəaliyyətini yüksək qiymətləndirir

A+ A

Tbilisi, 30 noyabr, AZƏRTAC

Dünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun təşkilatçılığı ilə Tbilisidə “Pandemiya və digər viruslu xəstəliklərin profilaktikası”na həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Tədbirdə Azərbaycan da daxil olmaqla, MDB və Avropa ölkələrinin nümayəndələri, ekspertlər iştirak ediblər.

Konfransda pandemiyanın yayılma təhlükəsi, bu cür epidemioloji xəstəliklərin vaxtında aşkarlanması, yayılmasının qarşısının alınması ilə əlaqədar mübarizə metodları, Dünya Səhiyyə Təşkilatına üzv ölkələrdə milli fəaliyyət proqramlarının hazırlanması və s. məsələlər müzakirə olunub.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sanitariya və epidemioloji nəzarət sektorunun müdiri Oleq Səlimov jurnalistlərə açıqlamasında deyib ki, konfransda Dünya Səhiyyə Təşkilatına üzv ölkələrdə pandemiyaya qarşı mübarizə metodları və bu sahədə ən yüksək səviyyədə qəbul olunmuş qərarlar, normativ hüquqi aktlar, dövlət proqramları müzakirə edilib. Azərbaycan nümayəndə heyəti ölkəmizdə pandemiyaya qarşı mübarizə sahəsində görülən işlər, qəbul olunmuş dövlət proqramları barədə məlumat verib. Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlər və qəbul edilmiş milli fəaliyyət proqramı yüksək qiymətləndirilib.

Dünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun rəhbəri Karolina Braun deyib ki, konfransda, həmçinin pandemiyaya qarşı vaksinlərin alınması, çatdırılması, istifadəsi, bu cür epidemiyalara qarşı mübarizə tədbirləri barədə müzakirələr aparılıb. O deyib: “Bilirsiniz ki, bu, çox ciddi məsələdir. 2009-cu ildə pandemiyadan 400 mindən çox insan dünyasını dəyişib. Problemin həlli Dünya Səhiyyə Təşkilatı üçün ən aktual məsələlərdən biridir”.

K.Braun bildirib ki, hazırda Avropada cəmi iki dövlət pandemiya və qripə qarşı mübarizə sahəsində milli fəaliyyət planı hazırlayıb. Bu dövlətlərdən biri Azərbaycandır. Azərbaycan 2008-ci ildə pandemiyaya qarşı milli fəaliyyət planı hazırlayıb. Dünya Səhiyyə Təşkilatı bunu çox yüksək qiymətləndirir. Daha 10 dövlət belə bir fəaliyyət planı üzərində çalışır.

Konfransın sonunda tövsiyə xarakterli qərarlar qəbul olunub və üzv ölkələrə göndərilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.