CƏMİYYƏT
Dünya Səhiyyə Təşkilatı Somalidə vaksinasiya kampaniyasına başlayıb
Bakı, 17 mart, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatı Somalidə vəbaya qarşı vaksinasiya kampaniyasına başlayıb.
AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, iki mərhələdə keçiriləcək kampaniya zamanı bir yaşından yuxarı 450 min Somali vətəndaşına bu təhlükəli xəstəliyə qarşı peyvənd ediləcək. Təşkilatın Somalidəki nümayəndəsi Qulam Popal deyib: “Bu, Afrikada vəba əleyhinə vaksinasiya üzrə ən iri kampaniyalardan biridir”.
O bildirib ki, vaksinasiya Moqadişo, Kismayo və Beledveyndə keçirilir. Bu şəhərlərin sakinlərinə adi klinikalarda və xəstəxanalarda peyvənd ediləcək, yaxud onlar kampaniya müddətində xüsusi yaradılmış mobil tibb məntəqələrinə müraciət etməlidirlər.
Martın 17-də başlayan kampaniyanın birinci raundu martın 19-na qədər davam edəcək, ikinci raund isə aprelin 18-22-də keçiriləcək.
Son iki ayda Somalinin 11 regionunda 11 min vəbaya yoluxma faktı qeydə alınıb ki, onların da 268-i ölümlə nəticələnib. Quraqlıq və münaqişə nəticəsində ölkədə ağır humanitar vəziyyətin yaranması vəziyyəti daha da ağırlaşdırır.