CƏMİYYƏT
Dünya Səhiyyə Təşkilatı: Zika virusuna yoluxma halları 67 ölkədə qeydə alınıb
Bakı, 29 iyul, AZƏRTAC
Zika virusuna yoluxma halları 67 ölkədə qeydə alınıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə cümə axşamı Dünya Səhiyyə Təşkilatının (DST) Zika virusu ilə bağlı yeni hesabatında bildirilir. Hesabata əsasən, yoluxma halları 2007-ci ildən bu il iyulun 27-dək olan müddətdə qeydə alınıb. Bu ölkələrdən 64-də yoluxma 2015-ci ildən başlayıb. Virus bir ölkədə və bir ərazidə isə iyulun 21-dən 27-dək ilk dəfə aşkarlanıb. Virusun insandan insana keçməsi halları 11 ölkədə aşkar olunub.
DST ekspertləri Zika virusunun xüsusilə hamilə qadınlar üçün daha təhlükəli olduğunu bildirirlər. Belə ki, virusun yeni doğulan uşaqlarda mikrosefaliya xəstəliyinə səbəb olduğu ehtimal olunur. Əsasən ağcaqanadların yaydığı bu virusa qarşı hələlik vaksin yoxdur.