CƏMİYYƏT
Dünya Səhiyyə Təşkilatı antibiotiklərin və bəzi dərmanların tətbiqi üzrə tövsiyələr qəbul edib
Bakı, 9 iyun, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatının (DST) Əsas Dərman Vasitələrinin Nümunəvi Siyahısına daxil edilmiş əlavələr hansı antibiotiklərdən adi infeksiyaların müalicəsində istifadə etmək və hansıları daha ağır vəziyyətlər üçün saxlamaq barədə yeni tövsiyələrdən ibarətdir. Siyahıya, həmçinin İİV, hepatit C, vərəm və leykemiyanın müalicəsində istifadə olunan dərman vasitələri salınıb.
AZƏRTAC DST-nin saytına istinadla xəbər verir ki, yenilənmiş Siyahıya böyüklər üçün 30, uşaqlar üçün 25 preparat, habelə siyahıya artıq daxil edilmiş 9 dərman üçün yeni göstərişlər əlavə olunub. Beləliklə, ictimai səhiyyənin ən mühüm tələbatını ödəmək üçün zəruri hesab edilən dərman vasitələrinin ümumi sayı 433 olub.
DST-nin əsas dərman vasitələrinin Siyahısı ölkələrin çoxu tərəfindən dərman vasitələrinin əlyetərli olmasının genişləndirilməsi və əhali üçün hansı dərmanların zəmanətlə əlyetərli ola bilməsi barədə qərar qəbul edərkən oriyentir kimi istifadə olunur.