CƏMİYYƏT
Dünya Səhiyyə Təşkilatı həkimləri qrip əleyhinə peyvənd olunmağa çağırır
Bakı, 18 oktyabr, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatının (DST) Avropa əhalisinin məlumatlandırılması üzrə builki kampaniyası pasiyentlərlə, o cümlədən hamilə qadınlarla və uşaqlarla daim təmasda olan və onları qripə yoluxmaq riski ilə üz-üzə qoyan həkimlərin fəaliyyətinə yönəlib.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, DST-nin Avropa bürosu tibb işçilərini qrip əleyhinə peyvənd olunmağa çağırır. DST-nin məlumatına görə, bəzən infeksiyaya xəstəxana və poliklinikaların tibbi heyətinin yarısı yoluxur. Tibb işçiləri xəstələrini yoluxdura bilərlər. Bu, xüsusilə əhalinin zəif qrupları - balaca uşaqlar və yaşlı insanlar, hamilələrlə ünsiyyətdə daha təhlükəlidir.
DST tibb işçilərinə hər payız qrip əleyhinə peyvənd olunmağı tövsiyə edir. Bildirir ki, dünya ölkələrinin əksəriyyətində bu barədə rəsmi tövsiyələr var. Bununla belə, bütün ölkələrin yarısından çoxunda hər il səhiyyə işçilərinin yalnız üçdəbiri qripə qarşı peyvənd alır.