CƏMİYYƏT
Dünya Səhiyyə Təşkilatı “unudulmuş” tropik xəstəliklər əleyhinə qlobal mübarizə planı təqdim edib
Bakı, 3 sentyabr, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatı (DST) “unudulmuş” tropik xəstəlikləri 2020-ci ilədək aradan qaldırmaq məqsədi ilə sanitariya və sudan istifadə sahəsində xidmətlərin genişləndiyini elan edib. Belə ki, DST-nin ekspertləri tərəfindən 17 “unudulmuş” tropik xəstəlik, o cümlədən Denge, cüzam, leyşmanioz, drakunkulez, quduzluq, traxoma, Şaqas xəstəliyi və s. əleyhinə mübarizə üzrə qlobal fəaliyyət planı işlənib hazırlanıb. AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu plan su ehtiyatlarının idarə olunması və sanitariya sahəsində xidmətlərin yaxşılaşdırılması ilə bağlı tədbirlər nəzərdə tutur.
DST-də qeyd ediblər ki, “unudulmuş” xəstəliklər korluğa, eybəcərləşməyə, davamlı əlilliyə və ölümə, habelə dünya əhalisinin bir milyarddan çox ən zəif və yoxsul təbəqəsinin əzab çəkməsinə gətirib çıxarır.
Təmiz içməli su çatışmazlığı, pis yaşayış şəraiti və sanitariya səviyyəsinin aşağı olması infeksiyalara yol açır.
2015-ci ildə 660 milyondan çox adamın təmiz su içmək imkanı olmayıb, təqribən 2,5 milyon adam lazımi sanitariya xidmətlərindən məhrum olub. Hər il “unudulmuş” tropik xəstəliklərdən 500 minədək adam ölür.