CƏMİYYƏT
Dünya Səhiyyə Təşkilatının İcraiyyə Komitəsinin sessiyası işə başlayıb
Bakı, 24 yanvar, AZƏRTAC
Cenevrədə Dünya Səhiyyə Təşkilatının (DST) İcraiyyə Komitəsinin 140-cı sessiyası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, İcraiyyə Komitəsi səhiyyə sahəsində texniki ixtisaslı 34 üzvdən ibarətdir. Komitə üzvləri üç il müddətinə seçilir.
Görüş çərçivəsində DST İcraiyyə Komitəsi yeni baş direktor vəzifəsinə namizədlərin qısa siyahısını tərtib edəcək. Siyahıda 5-dək namizədin adı olacaq. İcraiyyə Komitəsinin üzvləri bu namizədlərlə söhbət apardıqdan sonra onların yalnız üçünün namizədliyini irəli sürəcək və 2017-ci ilin mayında Dünya Səhiyyə Assambleyasında baxılması üçün təqdim edəcəklər. DST-nin üzvü olan ölkələr may ayında qurumun baş direktorunu səsvermə yolu ilə seçəcəklər.