CƏMİYYƏT
Dünya Səhiyyə Təşkilatının müşavirəsində Azərbaycan da təmsil olunub
Bakı, 29 yanvar, AZƏRTAC
Yanvarın 27-28-də İsveçrənin Sürix şəhərində Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Bürosunun təşkilatçılığı ilə keçirilən müşavirədə Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev təmsil edib.
İSİM-dən AZƏRTAC-a verilən məlumata görə, müşavirənin keçirilməsində məqsəd fiziki aktivlik sahəsində Avropa strategiyasının ilkin layihəsinin (2016-2025-ci illər) müzakirəsinin aparılması, həmin sənəd üzrə rəy və təkliflərinin dinlənilməsi olub.
Müşavirə çərçivəsində strategiyanın perspektivləri, rəhbər prinsipləri və prioritet istiqamətləri barədə geniş məlumat verilib. Strategiyanın hazırlanması üçün “yol xəritəsi”nin, fəaliyyətin və vəzifələrin müzakirəsindən sonra ölkə nümayəndələrinin təklifləri dinlənilib.
İSİM-in nümayəndəsi Tofiq Musayev də öz növbəsində çıxış edərək Azərbaycanda fiziki aktivlik sahəsində görülən tədbirlərdən, həyata keçirilən proqramlardan bəhs edib.