CƏMİYYƏT
Dünya Statistika Günü ilə bağlı fərdi jurnalist yazıları müsabiqəsi elan edilib
Bakı, 5 oktyabr, AZƏRTAC
Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 20 oktyabr Dünya Statistika Günü ilə bağlı fərdi jurnalist yazıları müsabiqəsi elan edib.
KİVDF-dən AZƏRTAC-a bildiriblər ki, “Daha təkmil statistika - daha yaxşı həyat” mövzusunda müsabiqənin məqsədi Dünya Statistika Günü ilə əlaqədar Azərbaycan statistikasının tarixi, bu günü və inkişaf perspektivləri, sosial-iqtisadi siyasətin formalaşdırılmasında rolu ilə bağlı məlumatların ictimaiyyətə dolğun şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
Müsabiqə elan edilən günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər iştirakçı ola bilərlər. Dərc edilən yazıların sərlövhələri təklif olunan mövzu ilə eyni olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Qəzetdə dərc olunan yazıda “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
Müsabiqədə birinci yer üçün bir, ikinci yer üçün iki, üçüncü yer üçün üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub. Birinci yerin sahibi 1000 manat, ikinci yerin sahibi 800 manat, üçüncü yerin sahibi 600 manat məbləğində mükafat alacaq. Bundan əlavə, 5 yazı müəllifinə 200 manat məbləğində həvəsləndirici mükafat veriləcək. Qaliblər, həmçinin Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.