İQTİSADİYYAT
Dünya Su Şurası İdarə Heyətinin üzvləri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində olublar
Bakı, 18 mart, AZƏRTAC
Birinci Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində Dünya Su Şurası İdarə Heyətinin 61-ci toplantısının sonuncu günü Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfər təşkil olunub.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə tanış olan İdarə Heyəti üzvlərinə kompleks haqqında geniş məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin və Abşeron yarımadasının keyfiyyətli və dayanıqlı içməli su təchizatına hesablanmış bu kompleksin yaradılmasının təşəbbüskarı Prezident İlham Əliyev olub. 2015-ci il oktyabrın 28-də istismara verilən kompleksin məhsuldarlığı saniyədə 6,6 kubmetrdir və burada 5280 ədəd membran tipli süzgəc quraşdırılıb. Süzgəclərdə emal prosesi insan əli dəymədən, heç bir kimyəvi təmizlənmə aparılmadan mexaniki üsulla həyata keçirilir. Beləliklə, istehlakçılara verilən suyun təbii mineral tərkibi tam qorunub saxlanılır.
Ən yeni texnologiyaların tətbiq edildiyi kompleksdə bütün texnoloji proseslər tam avtomatlaşdırılıb. Emal prosesi SCADA sistemi vasitəsilə məsafədən idarə edilir. Kompleksin ayrı-ayrı hissələrinin tikintisinə və quraşdırılmasına bu sahədə dünyanın ixtisaslaşmış şirkətləri cəlb olunub. Kompleks 2016-cı ildə Əbu-Dabidə keçirilmiş Qlobal Su Sammitində dünyanın ən önəmli su layihələrindən biri seçilib.
Dünya Su Şurası İdarə Heyətinin üzvləri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfərin onlarda xoş təəssürat yaratdığını bildiriblər. Dünya Su Şurasının sədri Benedito Braqa qeyd edib ki, Azərbaycanda su təchizatı sahəsində ən müasir texnologiyaların tətbiqinə geniş yer verilir. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi dünya səviyyəli bir qurğudur və Azərbaycanın bu sahədəki təcrübəsi digər ölkələr üçün nümunə sayıla bilər.
Komplekslə tanışlıqdan sonra ərazidə yaşıllaşdırma aksiyası təşkil olunub. Dünya Su Şurası İdarə Heyətinin üzvləri Birinci Bakı Beynəlxalq Su Həftəsindən xatirə olaraq ağac əkiblər.
Daha sonra qonaqlar “+82 Qərb” su anbarı və anbarın yerləşdiyi ərazidə salınmış Yasamal Parkı ilə tanış olub. Dünya Su Şurası İdarə Heyətinin üzvlərinə məlumat verilib ki, “+82 Qərb” su anbarı Şollar-Bakı Su Qurğuları Kompleksinin əsas anbarlarından biridir. Tarixi memarlıq üslubunda bir əsr əvvəl tikilmiş bu anbar Bakı şəhərinin içməli su təchizatında mühüm rol oynayır.
Qeyd edək ki, Dünya Su Şurası İdarə Heyətinin 61-ci toplantısı martın 18-də başa çatıb və bununla da birinci Bakı Beynəlxalq Su Həftəsi yekunlaşıb.