MƏDƏNİYYƏT
Dünya Turizm Təşkilatı ilk beynəlxalq konvensiyasını hazırlayır
Bakı, 6 mart, AZƏRTAC
Dünya Turizm Təşkilatı (DTT) “Turizmin qlobal etik kodeksi”ni konvensiyaya çevirmək üzərində işləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat təşkilatın rəsmi saytında yer alıb. 1999-cu ildə qəbul edilmiş və könüllülük prinsipinə əsaslanan “Turizmin qlobal etik kodeksi” konvensiyaya çevrildikdən sonra öhdəlik xarakteri daşıyacaq. DTT-nin baş katibi Taleb Rifai qeyd edib ki, təşkilatın siyasətinin təməl daşını təşkil edən sənədə əsaslanan ilk beynəlxalq konvensiya turizmin fasiləsiz və sürətlə inkişaf etdiyi şəraitdə mühüm sənəd olacaq. 2016-cı ildə beynəlxalq turizm 1,2 milyard nəfəri əhatə edib ki, bu da 1999-cu illə müqayisədə iki dəfə çoxdur.
Təşkilatın işçi qrupu konvensiya layihəsini DTT-nin İcraiyyə Şurasının 105-ci sessiyasına (11-12 may, İspaniya), daha sonra DTT-nin XXII Baş Assambleyasına (6-9 sentyabr, Çin) təqdim edəcək.
Müsbət qərar veriləcəyi təqdirdə konvensiya BMT-nin ixtisaslaşmış təşkilatı olan DTT üçün ilk beynəlxalq saziş kimi mühüm addım olacaq. Turizmin Etik Konvensiyanın bu il qəbul edilməsi xüsusilə aktualdır, çünki 2017-ci il BMT Baş Məclisi tərəfindən “Beynəlxalq davamlı turizm ili” elan olunub.