ELM VƏ TƏHSİL
Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclasının iştirakçıları Milli Azərbaycan Tarixi Muzeyində olublar
Bakı, 3 mart, Tərgül Ağayeva, AZƏRTAC
Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) Bakıda keçirilən iclasının və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) 95 illik yubileyi mərasiminin iştirakçıları martın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlara muzeyin tarixi barədə ətraflı məlumat verilib.
Bildirilib ki, muzeyin yerləşdiyi, Bakının ən gözəl memarlıq abidələrindən olan bina 1895-1897-ci illərdə tikilib və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olub. 1920-ci ildə binada yaradılan muzeydə qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə dair 300 mindən çox eksponat toplanıb. Burada saxlanan, Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.
Qeyd olunub ki, 150-dən çox işçinin çalışdığı muzey həm də Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda elmi tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir.
Muzeydə saxlanan məişət əşyaları və tarixi sənədlər qonaqlarda böyük təəssürat oyadıb.