SİYASƏT
Dünya Xəbər Agentliklərinin Bakı Konqresi ərəbdilli KİV-lərin diqqət mərkəzindədir
Əbu-Dabi, 19 noyabr, AZƏRTAC
Ərəbdilli kütləvi informasiya vasitələri Bakıda “Xəbər agentlikləri üçün yeni çağırışlar” devizi altında keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, həmçinin Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının işini geniş işıqlandırıblar.
Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İordaniya və Misirin xəbər agentlikləri, populyar portalları Konqresin açılış mərasiminə və iclasların yekunlarına daha çox diqqət ayırırlar. Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimindəki nitqində bu mötəbər tədbirin Bakıda keçirilməsinin müstəqil medianın inkişafı sahəsində ölkəmizin fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi olduğu barədə fikri xüsusi vurğulanır.
Ərəb KİV-ləri yazır ki, 80 ölkədən 130-dan çox aparıcı xəbər agentliyini təmsil edən iştirakçılar, o cümlədən media üzrə beynəlxalq ekspertlər və regional media qurumlarının nümayəndələri Bakıda işgüzar müzakirələr aparıblar.
Səudiyyə Ərəbistanının SPA agentliyi AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun Dünya Xəbər Agentlikləri Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) 2016-2019-cu illərdə prezidenti seçilməsini diqqətə çatdırır. BƏƏ-nin “Emiratesvoice.com” xəbər portalınin yaydığı xəbərdə qeyd olunur ki, Konqresin Bakı Bəyannaməsində informasiya agentliklərinin üzləşdiyi müasir çağırışlara və problemlərə münasibət əksini tapır.
Xəbərlərdə, həmçinin AZƏRTAC-ın baş direktorunun Konqres və Baş Assambleya, habelə SPA agentliyinin prezidenti Abdullah bin Fəhd Əl-Hüseynin Dünya Xəbər Agentlikləri Konqresinə rəhbərlik etdiyi dövrdə bu qurumun inkişafına verdiyi töhfələr barədə fikirləri də yer alır.
Аsya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi