SİYASƏT


Dünya Xəbər Agentliklərinin V Konqresi işini sessiyalarla davam etdirib  [YENİLƏNİB]

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində “Xəbər istehlakının gələcəyi”, “Xəbər agentlikləri – yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları”, “Xəbər agentliklərinin innovasiyası” mövzularında sessiyalar keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyalarda beynəlxalq media qurumlarının - Dünya Konqresinin, OANA-nın, EANA-nın, FANA-nın prezidentləri, Associated Press, Reuters, Sinxua, AZƏRTAC, Anadolu, TASS, France Press, Press Association, EFE, Yonhap, Kyodo, TT, SPA, BTA, AAP, İRNA, DPA, Notimex, ATPE və digər nüfuzlu informasiya agentliklərinin, “Los-Angeles Times” qəzetinin, “Al Arabiya” televiziyasının rəhbərləri və təmsilçiləri, “Tripod Advisors”, “News Corp”, “PwC”, “Axel Springer”, “Stibo Accelerator” aparıcı media şirkətlərinin mütəxəssisləri məruzələrlə çıxış ediblər.

Birinci sessiya: Xəbər istehlakının gələcəyi

Birinci sessiyaya moderatorluq edən Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv MARŞAL bu panelin gündəliyində duran məsələlərdən danışdı. Bildirdi ki, müzakirələrin xəbər istehlakının gələcəyi ilə bağlı problemlərə yönəldildiyi bu sessiya informasiya sənayesində tələb və təklifin mütənasibliyi məsələsinə həsr olunub.

“News Corp” media şirkətinin redaktə şəbəkəsinin direktoru Alan OAKLEY çıxış edərək bildirdi ki, bu gün xəbərlər sistemində böyük dəyişikliklər baş verib. Yeni internet qəzetləri və platformaları formalaşıb. Bütün bunlar həyatımıza təsir edən xəbərləri əks etdirir. KİV texnologiyaların və informasiyanın ictimaiyyət tərəfindən qəbul edilməsinin yeni vasitələrini, xəbərin auditoriyaya çatdırılması yollarını nəzərə almalıdır. Bu zaman yeni texnologiyaların və platformaların tətbiqi əsasında daha geniş auditoriyanı cəlb etmək mümkündür.

“Al Arabiya” televiziyasının baş direktoru Turki Al-DAKHİL “Al Arabiya”nın təcrübəsi və “millenial” nəslin, yəni 1981-ci ildən bəri dünyaya gələn insanların sosial mediadan faydalanması barədə fikirlərini bölüşdü. Diqqətə çatdırdı ki, KİV-in mobil telefonlardan istifadəsi onu daha böyük auditoriyaya çıxarır. Əvvəlki nəsil jurnalistlər ixtisaslı olublar. Lakin bu günün jurnalisti yeni texnologiyalar və sosial medianın fəaliyyəti mühitində bir növ xəbər alıcısına çevrilir. Ancaq jurnalistlər bu çərçivədən çıxıb yaradıcı olmağa çalışmalıdırlar. Turki Al-Dakhil dedi ki, hər bir səudiyyəlinin sosial mediada 7 hesabı var. Hər kəs “WhatsApp” və “Twitter”dən istifadə edir. İndiki nəslin düşüncəsi və texnologiyaların inkişafı bizi öz işimizi fərqli istiqamətdə qurmağa yönəldir.

“Stibo Accelerator” şirkətinin direktoru Kim SVENDSEN bildirdi ki, rəhbərlik etdiyi şirkətə aid müəssisələr informasiya bazarında on illərdir fəaliyyət göstərir. Şirkət “John Lewis”, “Best Buy”, “New York Times”, “Kelloggs”, “Siemens to McDonalds”, “Toys’R’Us” kimi brendlərlə sıx əməkdaşlıq edir. O qeyd etdi ki, xəbər agentlikləri yeni bazarlara yeni vasitələrlə çıxmalıdır. Danimarkada həyata keçirdikləri təcrübədən söz açan Kim Svendsen universitetlərdə aparılan təqdimatların uğurlarını, yeni ideyaların gənc nəsil tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı.

AZƏRTAC-ın ABŞ üzrə xüsusi müxbiri Yusif BABANLI qeyd etdi ki, texnologiyaların inkişafı və onların böyük sayda istifadəçiləri jurnalistlər qarşısında yeni çağırışlar yaradır. O, texnoloji yeniliklərlə necə işləmək, adaptasiya, müxtəlif sistemlərin işə salınması və medianın yeni çağırışlara necə uyğunlaşması məsələlərini xüsusilə vurğuladı, hələ ötən əsrdə ABŞ-da keçirilmiş prezident seçkilərində qəzetlərin roluna diqqəti çəkdi. Bildirdi ki, hazırda ənənəvi media şaxələndirilmiş mənzərəyə malikdir. Xəbərlər təkcə ikitərəfli deyil, çoxtərəfli ünsiyyət əsasında qavranılır. Məsələn, “Facebook”da nəinki informasiyanı verən, həm də şərh yazanlarla əlaqə saxlamaq mümkündür. Y.Babanlı müasir çağırışlar qarşısında AZƏRTAC-ın təcrübəsindən danışdı.

“Axel Springer” media şirkətinin qlobal şəbəkə departamentinin rəhbəri Romanus OTTE diqqətə çatdırdı ki, şirkət 40 ölkədə 190 müəssisəyə malikdir. Şirkətdə üç mindən çox jurnalist çalışır. Rəqəmsallaşma prosesində peşəkar xəbər agentlikləri rəqəmsal formata keçir və bu üsul ənənəvi media üçün inqilab rolunu oynayır. Ötən əsrin sonlarından şirkətin qlobal şəbəkəyə “World Wide Web” vasitəsilə çıxdığını deyən Romanus Otte bildirdi ki, oxucular hazırda daha çox alqoritmlərə etimad göstərirlər. Belə halda xəbər agentlikləri öz kontentlərini alqoritmlər üzərində qurmağa çalışır. “Axel Springer” media şirkəti dünya şəbəkəsinə inteqrasiya etdikdən sonra xəbərlərin böyük hissəsi ödənişsiz əsasda təqdim edilir və informasiyaların çatdırılması prosesi sadələşdirilib. Şirkət xəbərin qısa və dəqiq təqdim edilməsinin tərəfdarıdır. Əks halda, xəbər agentliyinə olan etimad azala bilər. Romanus Otte qeyd etdi ki, xəbər agentlikləri müxtəlif proqram təminatlarından istifadə edirlər. Media qurumları doğru və qərəzsiz informasiyanın yayılması uğrunda rəqabət aparırlar. Bu zaman xəbərdə keyfiyyət, sadəlik və səlislik tələb olunur. Xəbər agentlikləri bu yolla getdiyi halda etimadı doğrulda bilər. Həmçinin peşəkar jurnalistlər xəbərlərin həqiqiliyində “Facebook” və “Google”da olan boşluqlar barədə onların rəhbərliyinə məlumat versələr yaxşı olar. Məsələn, 3 il əvvəl “Facebook”la bağlı narahatlıq yox idi. Lakin indi onun rəhbərliyinin prezident seçkilərinə təsir etdiyi söylənilir. Deməli, “Google” və “Facebook” xəbər gətirən dairələrin problemlərini bilməlidir. Hər kəs öz xalqına xidmət etməli və öhdəsinə düşən vəzifələri yerinə yetirməlidir.

Sessiyada çıxışlar slayd və videomateriallarla müşayiət edilib.

Sonda sessiyanın moderatoru Klayv Marşal maraqlı çıxışların və müzakirələrin xəbər agentlikləri tərəfindən nəzərə alınacağına ümidvar olduğunu dedi.

İkinci sessiya: Xəbər agentlikləri – yeni texnologiyaların 

və sosial medianın çağırışları və imkanları

Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində keçirilən “Xəbər agentlikləri – yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları” mövzusunda ikinci sessiyasına moderatorluq edən OANA-nın baş katibi, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail QUSMAN müzakirə olunan mövzunun aktuallığını və əhəmiyyətini vurğuladı. O, Konqresin yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını çatdırdı.

Koreya Respublikasının Yonhap agentliyinin prezidenti Park No-HVANQ əməkdaşlığa görə tərəfdaş agentliklərə minnətdarlığını bildirdi, Dünya Xəbər Agentliklərinin Bakı Konqresini əlaqələrin genişləndirilməsinə kömək edən platforma olduğunu qeyd etdi. Media texnologiyalarının inkişafından və mühüm rolundan, sosial şəbəkələrin genişlənməsindən söz açan Park No-Hvanq bu baxımdan 2018-ci ildə Koreya Respublikasında keçiriləcək Qış Olimpiya Oyunları ilə bağlı hazırlanan layihə barədə məlumat verdi. Bildirdi ki, bu layihəyə çoxlu sayda xəbər agentlikləri qoşulacaq və dünya ictimaiyyəti Oyunların gedişi ilə bağlı məlumatlandırılacaq. Texnoloji imkanlar sahəsində də dəyişikliklərin baş verdiyini qeyd edən Yonhap agentliyinin prezidenti bildirdi ki, artıq qəzetlər də elektron formatda nəşr olunur ki, bu da oxucuların sayının artmasına gətirib çıxarmaqla yanaşı, media nümayəndələrindən yeni bacarıqlara yiyələnməyi və təkmilləşməyi tələb edir.

Avstraliyanın AAP agentliyinin baş redaktoru Toni GİLLİES vurğuladı ki, biz sürətlə inkişaf edən və dəyişən mühitdə yaşayırıq. Sənayeyə və iqtisadiyyata ciddi təsir göstərən bu dəyişikliklər şübhəsiz ki, mediadan da yan ötməyəcək. Bütün bunların nəticəsində informasiya sahəsində mobil vasitələrdən istifadə getdikcə genişlənəcək. Yeni texnologiyaların inkişafı bu prosesdən əldə olunan səmərəni nəzərdə tutur.

Müasir dövrdə xəbərin hazırlanması qaydalarından söz açan T.Gillies diqqətə çatdırdı ki, informasiyanın istifadəçilərin marağı ilə üst-üstə düşməsi üçün yeni xəbər formalarından istifadə olduqca vacibdir. Bu məsələdə xəbər agentliklərinin üzərinə məsuliyyətli vəzifə düşür. Unutmaq lazım deyil ki, istehlakçılar təkcə qaynar xəbərləri deyil, həm də idman, parlament və digər sahələr üzrə xəbərləri də izləyirlər. Ona görə də istənilən xəbərin hazırlanması zamanı saxtakarlıq etmək yolverilməz haldır.

Böyük Britaniyanın Press Association agentliyinin baş redaktoru Peter KLİFTON rəhbərlik etdiyi qurumun fəaliyyətindən və əldə etdiyi təcrübədən danışdı. O dedi ki, 150 illik tarixi olan bu agentliyin əsas prinsipləri çeviklik və dəqiqlikdir. P.Klifton xəbərin hazırlanması prosesi, bu sahədə istifadə edilən proqram təminatları barədə məlumat verdi. Yeni texnologiyalardan istifadə ilə yanaşı, jurnalistlərin bilik və bacarıqlarının artırılmasının da vacib amillərdən olduğunu diqqətə çatdıran baş redaktor bildirdi ki, bununla əlaqədar əməkdaşlar üçün təlim kursları keçirilir, mütəxəssislərin köməyi ilə onların bilik və bacarıqları təkmilləşdirilir.

Dünya Xəbər Agentliklərinin Konqresində ilk dəfə iştirak etdiyini söyləyən İranın İRNA agentliyinin baş direktoru Məhəmməd XODADİ tədbirə dəvət olunduğu üçün Azərbaycana minnətdarlığını bildirdi, həmkarları ilə görüşdən məmnunluğunu ifadə etdi. Konqresin əhəmiyyətindən söz açan M.Xodadi dedi ki, burada xəbər agentliklərinin gələcəyinin necə olacağı müzakirə edilir. Olduqca mürəkkəb olan bu gələcək çağırışlarla doludur. Cəmiyyətdə medianın böyük rol oynadığını diqqətə çatdıran İRNA agentliyinin baş direktoru vurğuladı ki, müasir texnologiyalar əsrində media təmsilçilərindən yeni bacarıqlara yiyələnmək, yazı üsullarını dəyişmək tələb olunur. Artıq köhnə üsullarla işləmək keçmişdə qalıb. Mobil vasitələrdən istifadə gündən-günə genişlənir. Sosial media ictimaiyyətə açıq olan şəbəkədir. Buna görə də bu şəbəkənin imkanlarından istifadə etmək, bacarıqları təkmilləşdirmək, yazı üslubunu dəyişmək vacibdir.

Üçüncü sessiya: Xəbər agentliklərinin innovasiyası

Bakı Konqresinin ilk gününün sonuncu – üçüncü sessiyası “Xəbər agentliklərinin innovasiyası” mövzusuna həsr olunub.

Müzakirə edilən mövzunun aktuallığını bildirən sessiyanın moderatoru, Avstraliyanın AAP agentliyinin baş direktoru Brus DAVİDSON bu barədə fikir və təcrübə mübadiləsinin vacibliyini qeyd edərək dedi: “Düşünürəm ki, innovasiyaların mükəmməlliyi çox vacibdir. Bu da iş prosesində olduqca əhəmiyyətli amildir”. O, Bakı Konqresinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğuladı və buna görə Azərbaycan rəhbərliyinə minnətdarlığını çatdırdı.

Almaniyanın DPA agentliyinin baş texniki direktoru Meinolf ELLERS dedi ki, innovasiya prosesi hər bir xəbər agentliyi üçün önəmlidir. Çünki hazırda dünyada yeni sürətli rəqəmsal dəyişikliklər baş verir. Zaman keçdikcə bu prosesin daha da fəallaşacağını və inkişaf edəcəyini vurğulayan M.Ellers dedi: “Düşünürəm ki, biz 2040-2050-ci illərdə bu dəyişikliklərin şahidi olacağıq. Hazırda dəyişikliklər çox dinamik formada baş verir və bütün bu proseslər qabaqcıl informasiya agentliklərinin işinə müsbət təsir göstərəcək”.

Xəbər və informasiya məkanında son dövrlərdəki proseslərin yeni və qabaqcıl innovasiyaların tətbiqini zərurətə çevirdiyini deyən İspaniyanın EFE agentliyinin videojurnalisti İqnasio MARTİN bildirdi: “Biz hər zaman olduğu kimi, bu proseslərdə başlıca olaraq yazılı və görüntülü xəbərlərin hazırlanması, toplanması və rəqəmsal formaya salınmasına daim diqqət yetirməliyik. Çünki müasir dövr və xəbər məkanındakı yeni çağırışlar bizdən bunu tələb edir”.

İnnovasiyaların tətbiqinin ənənəvi media üçün çox vacib olduğunu deyən ABŞ-ın Associated Press agentliyinin Asiya və Sakit okean ölkələri üzrə xəbər direktoru Ted ANTONİ vurğuladı ki, hazırkı dövrdə xəbərlərin hazırlanması yeni tətbiqləri tələb edir. O bildirdi ki, indi hər bir agentlik xəbərin istehlakçıya daha tez, dolğun və mükəmməl formada çatdırılmasına xüsusi diqqət yetirir. İnnovasiyaların tətbiqi isə xəbərin istehlakçı üçün daha rahat əldə edilməsinə və əlçatan olmasına kömək edir. Bu proseslər isə həm xəbər istehsalçısının, həm də istehlakçısının işinə yarayır.

Böyük Britaniyanın Reuters agentliyinin beynəlxalq satış direktoru Anita TOBİAS dedi ki, texniki dəyişikliklərə baxmayaraq, xəbər agentliklərinin funksiyası yenə eyni olaraq qalır. Çünki bizim əsas işimiz və məqsədimiz məlumatları istehlakçıya çatdırmaqdır. Texnologiya sahəsində innovasiyalar həmin xəbərlərin daha dolğun formada çatdırılmasına xidmət edir.

Müasir dövrdə insanların xəbərləri daha çox video formatında almağa üstünlük verdiklərini vurğulayan Anita Tobias dedi: “Xəbər istehlakçıları öz istədikləri kontentə nail olacaqlar. Bunun üçün də biz tərəfdaşlarımızla birgə çox işləməliyik, qarşımızda duran çağırışları və çətin məsələlərin həlinə nail olmalıyıq”.

Türkiyənin Anadolu Agentliyinin idarə heyətinin sədr müavini Şaban KIZILDAĞ qardaş Azərbaycanı daha bir yeni uğur münasibətilə təbrik etdi. O, Bakı Konqresinin əhəmiyyətinə toxundu və təmsil etdiyi agentlikdə tətbiq olunan innovasiyalı texnologiyalardan, xəbərin hazırlanmasında istifadə edilən müasir metodlardan danışdı, bu işin üstünlüklərini diqqətə çatdırdı.

“2014-cü ildən etibarən biz strateji dəyişikliklər etdik və dinamik templə inkişaf yolu keçdik”, - deyən TASS agentliyinin baş direktoru Sergey MİXAYLOV bildirdi ki, texnoloji inkişaf və innovasiyaların tətbiqi proseslərin sürətlənməsində öz əksini tapır. O deyib ki, innovasiyaların tətbiqi ötən illərdə olduğu kimi, qarşıdakı dövrdə də TASS agentliyinin əsas inkişaf xətti olaraq qalacaq. Gələcəyin jurnalisti innovasiyaları tətbiq etmək üçün, sözsüz ki, yüksək səviyyəli və mərhələli inkişaf yolunu keçməlidir.

Təmsil etdiyi agentlikdə bir çox yeni innovasiya və texnologiyaların tətbiq olunduğunu deyən Yaponiyanın Kyodo agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Kakuya OQATA bu tətbiqlərin üstünlüklərindən danışdı, mövzu ilə bağlı fikirlərini bölüşdü.

Hər üç sessiyada diskussiyalar aparıldı, suallar cavablandırıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.