ELM VƏ TƏHSİL
“Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda birinci elmi konfrans keçirilir
Bakı, 21 dekabr, AZƏRTAC
Dekabrın 21-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının və Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunmasının 25 illiyinə həsr edilən “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda birinci elmi konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun tarix fakültəsinin dekanı, dosent Azad Rzayev müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin misilsiz tarixi rolundan danışıb.
Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edən A.Rzayev Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirib.
Azərbaycan tarixinin dərindən araşdırılmasının vacibliyini vurğulayan dekan qeyd edib ki, konfransda BDU-nun tarix, filologiya, kitabxanaçılıq-informasiya fakültələrinin tələbə və doktorantlarının 50-dək məruzəsi dinləniləcək.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Kənan Cəfərov bildirib ki, respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının qorunması işinə cəlb edilməsi xüsusi əhəmiyyət daşıyır. 1993-cü ildə xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi diaspor quruculuğu işində də mühüm tədbirlər həyata keçirilməyə başlanıb.
Ümummilli lider Heydər Əliyevin doğma Vətən və xalq qarşısında müstəsna tarixi xidmətlərini vurğulayan K.Cəfərov Ulu Öndərin əbədiyaşar ideyalarının əhəmiyyətindən bəhs edib.
Bu gün xaricdə yaşayan soydaşlarımızın milli diaspor kimi formalaşması istiqamətində səmərəli tədbirlərin reallaşdırıldığını qeyd edən K.Cəfərov bildirib ki, hazırda dünyanın ayrı-ayrı ölkələrində 300-dək Azərbaycan icma və birlikləri fəaliyyət göstərir və diasporumuzun təşkilatlanması prosesi davam edir.
Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirən şöbə müdiri, eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti və həyata keçirilən səmərəli tədbirlər barədə də ətraflı məlumat verib.
BDU-nun Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri Mehman Abdullayev, kafedranın müəllimi Arzu Məmmədova müdrik rəhbər Heydər Əliyevin böyük xilaskarlıq rolundan, zəngin dövlətçilik təcrübəsinin, azərbaycançılıq ideologiyasının əhəmiyyətindən danışıblar.
Sonra konfrans “Azərbaycanlılar İkinci Dünya müharibəsi illərində”, “Azərbaycanın ərazisi və əhalisi (XIX-XXI əsrlər), “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və azərbaycançılıq ideologiyasına elmi-nəzəri baxış” və digər bölmələrdə keçirilən iclaslarda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Konfrans dekabrın 22-də başa çatacaq.