Dünya azərbaycanlılarını milli birlik və həmrəylik ideyaları birləşdirir
Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə yığıncaq keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu elm müəssisəsinin direktoru, akademik Ramiz Məmmədov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunmasının əhəmiyyətindən danışıb və müxtəlif ölkələrdə 60 milyonadək azərbaycanlının yaşadığını diqqətə çatdırıb. Qeyd olunub ki, azərbaycanlılar müxtəlif ölkələrdə yaşasalar da, milli birlik və həmrəylik ideyaları onları birləşdirir.
Yola saldığımız ilin institut üçün uğurlu olduğunu deyən R.Məmmədov 2017-ci ildə əməkdaşların səyi və əməyi nəticəsində əldə edilən nailiyyətlərdən söz açıb. Qeyd edilib ki, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində institutun elmi və sosial-ictimai sahədəki fəaliyyəti həm beynəlxalq, həm də yerli miqyasda qənaətbəxşdir. Akademik 2018-ci ildə keçiriləcək beynəlxalq miqyaslı elmi konfranslardan və bu tədbirlərin əhəmiyyətindən danışıb.
Digər çıxış edənlər də institutun son illərdə qazandığı nailiyyətləri diqqətə çatdırıb, coğrafiya elminin inkişafı istiqamətində uğurlu fəaliyyətini yüksək dəyərləndiriblər.