CƏMİYYƏT
Dünya azərbaycanlılarının birliyi ideyası ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biridir VİDEO
Bakı, 30 dekabr, AZƏRTAC
Dekabrın 30-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, akademiyanın rəhbər heyəti, zabit və kursantlarının iştirak etdiyi tədbirdə akademiyanın rəisi, general-mayor Pənah Süleymanov iştirakçıları əlamətdar bayramlar münasibətilə təbrik edib.
Qeyd edib ki, dünya azərbaycanlılarının birliyi ideyası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik tariximizdəki ən böyük xidmətlərindən biridir. Dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi ölkəmizin dünya dövlətləri arasında söz sahibinə çevrilməsinə, dünyada yaşayan azərbaycanlıların milli birliyinin daha da güclənməsi və təşkilatlanmasına təkan verib.
Sonra tədbir akademiyanın xalq çalğı alətləri ansamblı və incəsənət ustalarının iştirakı ilə təşkil olunan konsert proqramı ilə davam edib.