QAN YADDAŞI
Dünya birliyinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verməməsi tarixi ədalətsizlikdir
Bakı, 5 mart (AZƏRTAC). Türkiyənin Balıkəsir Universitetində Xocalı soyqırımının iyirmi ikinci ildönümünə həsr edilmiş anım tədbiri keçirilmişdir.
Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumundan (ASAIF) AZƏRTAC-a bildirmişlər ki, təşkilatın fəal üzvü Fidan İbrahimova tədbir iştirakçılarına ermənilərin 22 il bundan əvvəl Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri misli görünməmiş vəhşiliklər haqqında ətraflı məlumat vermişdir. Həmçinin son iki əsrdə erməni millətçiləri tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq və soyqırımı siyasətindən söhbət açmışdır.
1992-ci il fevralın 25-dən 26-na keçən gəcə erməni silahlı dəstələrinin aralarında uşaqlar, qadınlar və qocaların olduğu dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini diqqətə çatdıran F.İbrahimova və digər çıxış edənlər dünya birliyinin və beynəlxalq təşkilatların Xocalı soyqırımına indiyədək hüquqi-siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi səciyyələndirmişlər.
Tədbirdə türkiyəli tələbələrlə yanaşı, bu ölkədə təhsil alan xarici tələbələr də iştirak etmişlər.
İştirakçılara Xocalı faciəsini əks etdirən broşürlər və məlumat kitabçaları paylanılmışdır.