İDMAN


Dünya çempionatında Azərbaycanı təmsil edəcək taekvando üzrə yığma komandamızın heyəti müəyyənləşib

Bakı, 16 iyun, AZƏRTAC 

Azərbaycanın kişi və qadınlardan ibarət taekvando üzrə yığma komandaları "Bakı-2017"dən sonra mayın 22-dən etibarən təlim-məşq toplanışlarına qatılıblar. Təlim-məşq toplanışları iyunun 18-də başa çatacaq. Heyətdəki idmançılarımız iyunun 24-dən 30-dək Koreya Respublikasında keçiriləcək taekvando üzrə dünya çempionatına hazırlaşmaq üçün məşqlərini gündə iki dəfə olmaqla intensiv davam etdirirlər. Dünya çempionatında ölkəmizi təmsil edəcək əsas heyət müəyyənləşib. “G12” kateqoriyalı yarışda komandamızı səkkiz kişi və dörd qadın olmaqla 12 taekvandoçu təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın qadın taekvandoçulardan ibarət yığma komandasının baş məşqçisi Elnur Amanov dünya çempionatına hazırlıqla bağlı agentliyə məxsusi müsahibəsində məlumat verib.

E.Amanov bildirib ki, kişilərdən ibarət yığma komandanın baş məşqçisi Reza Mehmandoust, komandanın böyük məşqçisi Rəşad Əhmədov və mən həm qadınlardan, həm də kişilərdən ibarət komandaların təlim-məşq toplanışlarını birgə keçiririk. İyunun 19-da yığma komandamız Koreya Respublikasının Muju şəhərinə yola düşəcək. Kişilərin yarışında bütün səkkiz çəki dərəcəsinin hamısında komandamızın üzvləri iştirak edəcəklər.

Dünya çempionatında kişi komandasının heyətində ölkəmizi gənclər arasında dünya çempionatının və "Baku-2017"nin mükafatçısı Qaşım Maqomedov (54 kq), son respublika çempionatının və beynəlxalq turnirlərin qalibi Fizam Mehdiyev (58 kq), yeniyetmələr arasında dünya və Avropa çempionatlarının mükafatçısı Məhəmməd Məmmədov (63 kq), Avropa Oyunlarının və İslamiadanın çempionu Ayxan Tağızadə (68 kq), beynəlxalq yarışların mükafatçısı Sina Bəhrami (74 kq), “Bakı-2015”in və “Bakı-2017”nin çempionu, dünya kubokunun sahibi Milad Beigi Hərçəqani (80 kq), beynəlxalq turnirlərin mükafatçısı, “Baku-2017”nin çempionu Ramin Əzizov (87 kq), dünya, Avropa və Olimpiya çempionumuz, İslamiadanın qalibi Radik İsayev (87 kq-dan yuxarı) təmsil edəcəklər.

Baş məşqçi qeyd edib ki, kişilərdən fərqli olaraq qadın komandamızın heyətində dörd idmançı yer alacaq. Qadınların mübarizəsində ölkəmizin şərəfini gənclər arasında dünya çempionatının mükafatçısı Safiye Polat (46 kq), Rio Olimpiadasının bürünc mükafatçısı, “Bakı-2017”nin qalibi Patimat Abakarova (49 kq), IV İslam Həmrəyliyi Oyunlarının çempionu Yaprak Eriş (57 kq), Avropa Oyunlarının və İslamiadanın gümüş medalçısı Fəridə Əzizova (67 kq) qoruyacaq.

“Həm kişi, həm də qadın komandamızda dünya çempionatında iştirak edəcək heyət ən güclü idmançılarımızdan ibarət olacaq. Məşqçilər onların Rio Olimpiadasında, son dünya çempionatında, “Bakı-2015” və "Bakı-2017"də olduğu kimi, Koreyada keçiriləcək mundialda da yaxşı döyüş nümayiş etdirərək yüksək nailiyyətlər qazanacaqlarına inanırıq. Çünki heyətdə yer alan taekvandoçularımız həm Azərbaycan çempionatlarında, həm də beynəlxalq yarışlarda yüksək nəticələr qazanmış idmançılarımızdır", - deyə XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif edilmiş məşqçi E.Amanov vurğulayıb.

Məşqçi əlavə edib ki, ümumilikdə dünya çempionatında 100-dən çox ölkədən ən yaxşı taekvandoçular mübarizə aparacaqlar. İki ildən bir keçirilən dünya çempionatlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxan atletlər 120 reytinq xalı qazanmaq imkanına malik olurlar. Bu yarışda hər gün üç çəki kateqoriyasında idmançılar dayanq üzərinə çıxacaqlar.

Xatırladaq ki, Azərbaycan taekvandoçuları 2015-ci ildə ilk Avropa Oyunlarında yığma komandamızın hesabına beş, ötən il Rio Olimpiya Oyunlarında üç, bu il mayda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında doqquz medal yazdırıblar. Bundan başqa, 2015-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında iştirak edən komandamızın üzvü Radik İsayev bütün rəqiblərinə qalib gələrək dünya birincisi olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.