İDMAN
Dünya çempionatında uğurla çıxış etmiş Azərbaycanın gənc güləşçiləri Vətənə dönüblər VİDEO
Bakı, 19 avqust, Məmməd İsayev, AZƏRTAC
Braziliyanın Salvador şəhərində gənclər arasında dünya çempionatında qızıl medalların sayına görə birincilik qazanmış sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvləri avqustun 19-da Vətənə dönüblər.
Yarışa böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında yollanan sərbəst güləşçilərimiz dünya çempionatını 4 qızıl və 1 bürünc medalla başa vuraraq idman tariximizə yeni parlaq səhifə yazıblar.
AZƏRTAC xəbər verir ki, güləşçilərimizi Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Güləş Federasiyasının nümayəndələri, idmançıların yaxınları və media təmsilçiləri qarşılayıblar.
Gənclərdən ibarət sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov yarışlar barədə danışaraq bildirib ki, böyük ümidlərlə yollandıqları çempionatda yüksək nəticələr qazanıblar. “İlk dəfə idi ki, gənclərdən ibarət yığma komandada baş məşqçi kimi dünya çempionatına qatılırdım. Dünya çempionatında yarışlar gərgin mübarizə şəraitində keçdi. Çempionatda 59 dövlət iştirak edirdi. Buna baxmayaraq güləşçilərimiz əzmlə mübarizə apardılar. Onlar demək olar ki, bütün çəki dərəcələrində medal qazanmağa müvəffəq oldular”-deyə böyük məşqçisi məlumat verib.
Qələbə münasibətilə hamını təbrik edən Ə.Novruzov qazanılan nəticələrin gələcəyə ümidlə baxmağa əsas verdiyini vurğulayıb.
Qeyd olunub ki, Xaçmazda təlim-məşq toplanışları keçən idmançılarımız dünya çempionatına yaxşı hazırlaşıblar. Yüksək nəticələr dövlət başçısının ölkəmizdə idmana və idmançılara göstərdiyi diqqət və qayğı sayəsində əldə edilib.
Ən çətin qarşılaşmaların Rusiya və iranlı idmançılarla olduğunu söyləyən güləşçilərimiz yığmada dörd nəfərin birincilik qazandığını və qələbənin əldə edilməsində məşqçilər korpusunun əməyini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, qızıl medalları ölkəmizə Mahir Əmiraslanov (50 kq), Teymur Məmmədov (66 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) gətiriblər. Arif Hüseynov (50 kq) isə bürünc medala sahib olub. Komanda hesabında 58 xal toplayan Azərbaycan yığması çempionatı ikinci sırada başa vurub. İranlı sərbəst güləşçilər 62 xalla birinci, Rusiya yığması isə 49 xalla üçüncü yerdə qərarlaşıb.