İDMAN
Dünya çempionatında yeniyetmə qızların mübarizəsi başlayıb
Bakı, 27 avqust, AZƏRTAC
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, avqustun 27-28-də yeniyetmə qızlar mübarizə aparacaq. Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi ilə Zelfira Ələkbərli (38 kq), Ülkər Babayeva (43 kq), Səbinə Həmzəlzadə (49 kq), Leyla Qurbanova (52 kq) və Şəbnəm Əhmədova (56 kq) Azərbaycanı təmsil edəcəklər.
Mundialın üçüncü günündə 38, 43, 49, 56 və 65 kq çəki dərəcəsində qızlar mübarizə aparacaq. Azərbaycan güləşçiləri 4 çəkidə yarışacaq.
Dörddəbir final mərhələsindən mübarizəyə qoşulacaq Zelfira Ələkbərlinin (38 kq) ilk rəqibi Hindistan təmsilçisi Ankus Ankus olacaq. Ülkər Babayeva (43 kq) səkkizdəbir finalda Jodalis Santiaqo (Puerto-Riko) ilə qarşılaşacaq. Onaltıdabir final mərhələsində isə Səbinə Həmzəlzadə (49 kq) İsveçrə idmançısı İda Yonsson, Şəbnəm Əhmədova (56 kq) polşalı Dominika Kulviçka ilə döyüşəcək.
Xatırladaq ki, dünya çempionatının ilk iki günündə mübarizə aparan yeniyetmə yunan-Roma güləşçilərimiz yarışı 3 bürünc medalla başa vurublar.