İQTİSADİYYAT
“Dünya iqtisadiyyatı və Azərbaycanda turizmin inkişaf istiqamətləri” mövzusunda beynəlxalq konfrans keçirilir
Bakı, 5 may, Elvira Məmmədova, AZƏRTAC
Mayın 5-də Bakı Biznes Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Dünya iqtisadiyyatı və Azərbaycanda turizmin inkişaf istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbirdə Azərbaycanın icra aparatlarının nümayəndələri, tanınmış elm xadimləri, turizm mütəxəssisləri, siyasi partiyaların təmsilçiləri ilə yanaşı, İtaliya, Rusiya, Kamerun, Gürcüstan və Moldovadan olan alimlər də iştirak edirlər.
Universitetin rektoru, professor İbad Abbasov müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb, konfransın işinə uğurlar arzulayıb. Rektor bildirib ki, iki gün davam edəcək konfransın məqsədi yerli və xarici mütəxəssisləri, alimləri, ictimai xadimləri, investorları bir araya gətirmək, mövzu ətrafında müzakirələr aparmaq, innovativ fikirlərlə paylaşmaq və tövsiyələr hazırlamaqdan ibarətdir.
İ.Abbasov bildirib ki, 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk dövrdə Ulu Öndər iri sənaye obyektlərinin tikintisi üçün ittifaq büdcəsindən milyardlarla vəsait ayıraraq iri müəssisələrin tikintisinə, aqrar sahənin inkişafına nail olub. O dövrdə kənd təsərrüfatı sahəsində də çox böyük irəliləyişlər əldə olunub. Ümummilli Lider hakimiyyətə qayıtdıqdan bir il sonra - 1994-cü ildə neft strategiyasının reallaşdırılmasını təmin edən "Əsrin müqaviləsi" imzalanmışdı. Rektor Ulu Öndərin yürütdüyü siyasətin, iqtisadi strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycanın bu gün Şərqlə Qərbi birləşdirən əlverişli tranzit məkan kimi Avropa üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Plenar iclasda Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, Auditorlar Palatasının sədri Vahid Novruzov və digər yerli və xarici alimlərin “Müasir mərhələdə Azərbaycanın geosiyasi, iqtisadi-sosial inkişaf imkanları”, “Turizm sektorunda məşğulluğun inkişaf istiqamətləri”, “İqtisadi idarəetmədə Heydər Əliyevin strategiyası", "Azərbaycanda turizm biznesinin inkişafının müasir problemləri", "Turizmin inkişafında ekologiya və iqtisadiyyatın rolu", "Ali təhsilli məzunların əmək bazarı tələblərinə uyğun hazırlanması və inkişaf perspektivləri”, “Milli sərvət, turizm və iqtisadi inkişaf strategiyaları”, “Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının yeni formalarda davamı və inkişaf etdirilməsi istiqamətləri”, “Turizm xidmətində uçot və auditin inkişafı istiqamətləri”, "Maliyyə və turizm", "Turizmin inkişafında xarici dilin rolu", "Turizmin inkişafında informasiya texnologiyaları və ekonometrik modellər", “Aqroturizmin İtaliyadakı inkişafı və ölkənin Latsio əyalətindəki fəaliyyəti”, “Acarıstan regionu və turizm sahəsindəki dövlət siyasəti”, “Moldova Respublikasındakı çaxır istehsalı siyasətin bir komponenti kimi” və digər mövzularda məruzələri dinlənilib.
Konfrans işini bölmə iclaslarında davam etdirir.
İki gün davam edəcək konfransda gənc tədqiqatçıların 250-dək məruzəsi dinləniləcək.