ELM VƏ TƏHSİL
Dünya meyarlarına cavab verə bilən universitetin əsasında elmi tədqiqatlar dayanır
Bakı, 13 iyun, AZƏRTAC
Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), “Clarivate Analytics” (Thomson Reuters), Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində “Elmmetriya üzrə vəsait: elm və texnologiyaların inkişaf indikatorları” kitabının təqdimatı olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, kitab universitetin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun (İAETİ) əməkdaşları tərəfindən tərcümə olunub. Nəşrin elmi redaktorları UNEC-in rektoru, professor Ədalət Muradov və İAETİ-nin direktoru, professor Yadulla Həsənlidir.
Ə.Muradov dünya meyarlarına cavab verə bilən universitetin əsasında elmi tədqiqatların dayandığını bildirib. UNEC-də bu sahədə aparılan yeniliklərdən danışan rektor qeyd edib ki, universitetdə tədqiqatyönümlü Avropa iqtisadiyyatı, İslam iqtisadiyyatı, İxracatçılara Dəstək mərkəzləri, Digital Marketinq Mərkəzi yaradılıb. Məqsədimiz pedaqoji fəaliyyətlə məşğul olan hər bir alimin rəhbərlik edə biləcəyi tədqiqat sahəsinin olmasıdır. UNEC-in əqli mülkiyyəti olan differensial əməkhaqqı sistemində tədqiqatlara 40 faiz yer verildiyi diqqətə çatdırılıb. Bildirilib ki, sistemin tətbiqindən sonra universitet əməkdaşlarının çap etdirdiyi elmi məqalələrin sayı 4.4 dəfə artıb.
İnkişaf etməkdə olan ölkələr üzrə qlobal direktor Viji Krişnan rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, gördüyü işlər və apardığı tədqiqatlar barədə məlumat verib. O, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. V.Krişnan UNEC-i “biblioqrafiya” sözünün banisi Yucin Qarfildin şərəfinə təsis edilən “Doktor Qartild təqaüd proqramı”nda iştiraka dəvət edib.
“Clarivate Analytics”in MDB üzrə elmi tədqiqatlar və əqli mülkiyyət departamentinin direktoru Oleq Utkin UNEC-in etibarlı tərəfdaş kimi “Thomson Reuters”in layihələrində fəal iştirak etdiyini bildirib. Kitabın tərcüməsində və çapında göstərdiyi dəstəyə görə universitet rəhbərliyinə təşəkkür edib. Qeyd edib ki, kitab MDB məkanı ölkələrində ilk dəfədir ki, tərcümə olunur.
Professor Y.Həsənli “Elmmetriya üzrə vəsait: elm və texnologiyaların inkişaf indikatorları” kitabı barədə məlumat verib. Bildirilib ki, kitabda elmmetriya haqqında biliklər sistemləşdirilib. Kitab elmi tədqiqatlar və texnologiyaların tərəqqisinin qiymətləndirilməsi və monitorinqinin bir sıra müasir metod və vasitələrinin ətraflı icmalıdır.
Konfrans çərçivəsində, həmçinin UNEC-də “Web of science” sertifikasiya proqramı üzrə seminar-treninq və “Web of science” bazasından istifadə və əməliyyataparma qaydaları”na həsr olunan təlimlər keçirilib.