ELM VƏ TƏHSİL
Dünya şöhrətli akademik Roald Saqdeyev Şamaxı Astrofizika Rəsədxanasında
Bakı, 20 may, AZƏRTAC
ABŞ-ın Merilend Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru, kosmik tədqiqatlar sahəsində görkəmli alim, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) olub.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə alimə son illərdə rəsədxanada görülən elmi işlərlə bağlı məlumat verilib, əməkdaşlıq barədə müzakirələr aparılıb.
Sonra görüş iştirakçıları üçün seminar təşkil edilib.
ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov tanınmış alimlərin iştirakı ilə keçirilən tədbirin əhəmiyyətindən danışıb.
R.Saqdeyev “Kainatda görünməyən maddələrin axtarış problemləri” mövzusunda məruzə ilə çıxış edib. Dünya şöhrətli alim ABŞ-ın nüfuzlu universitetlərində aparılan elmi təcrübələrdən danışıb.
Qeyd edək ki, Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılması məsələləri və ölkəmizdə kosmik proqramın inkişafı sahəsində akademik R.Saqdeyevin dəyərli tövsiyələri olub.
Daha sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin nüvə fizikası üzrə baş elmi əməkdaşı Yelena Popovanın “Qırmızı cırtdanlar - exoplanetlərin axtarışı”, Merilend Universitetinin professoru Dimitriy Usikovun “Kompüter texnologiyalarının gələcək inkişaf perspektivləri” mövzularında məruzələri dinlənilib.
Sonda maraqlı elmi müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.