MƏDƏNİYYƏT
Dünya şöhrətli filosof-şair Mövlanə Cəlaləddin Rumiyə həsr olunmuş beynəlxalq seminar
Bakı, 23 avqust, AZƏRTAC
Əfqanıstanın Bəlx vilayətinin Məzari-Şərif şəhərində şərq ədəbiyyatının görkəmli nümayəndəsi, filosof-şair Mövlanə Cəlaləddin Rumiyə həsr olunmuş Mövlanə Cəlaləddin beynəlxalq seminarı təşkil edilib.
AZƏRTAC Anadolu xəbər agentliyinə istinadla bildirir ki, alimin anadan olduğu şəhərdə baş tutan seminara Türkiyə, İran, Tacikistan, Hindistandan və başqa ölkələrdən olan alimlər, ədiblər, söz və sənət adamları qatılıb.
Seminarı giriş sözü ilə açan Əfqanıstanın mədəniyyət nazirinin müavini Səyidə Mujgan Mustafavi dünya şöhrətli elm adamının adını daşıyan belə mötəbər tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək Mövlanənin dünya üçün əhəmiyyətli şəxsiyyət olduğunu vurğulayıb.
Üç gün davam edəcək seminarda filosof-şairin fəlsəfi fikirləri ilə bağlı müzakirələr aparılmaqla yanaşı, şeir müsabiqələri, musiqi gecələri təşkil olunacaq.
Qeyd edək ki, Mövlanə Cəlaləddin Rumi yaradıcılığına Azərbaycanda da böyük maraq var və müxtəlif vaxtlarda ölkəmizdə bu qüdrətli söz adamına həsr edilmiş silsilə tədbirlər keçirilib.