REGİONLAR
Dünya şöhrətli hip-hop ifaçısı goranboylu fermerin qonağı olub VİDEO
Goranboy, 20 may, Rauf Hacıyev, AZƏRTAC
Mənim musiqilərimin məqsədi dünyada sağlam qida məhsullarını təbliğ etməkdir. İnsanlar öz təsərrüfatlarında həmin bitkiləri kimyəvi dərmanlardan istifadə etmədən də yetişdirə bilərlər. Ekoloji cəhətdən təmiz, orqanik baxımdan sağlam məhsulların yetişdirilməsini təbliğ etmək üçün mən hip-hop musiqimdən istifadə edirəm. Şadam ki, fəaliyyətim Qremmi mükafatına layiq görülüb və Amerikanın nüfuzlu kanallarında verilişlərə dəvət alıram.
AZƏRTAC xəbər verir ki, bu sözləri müsahibəsində hip-hop musiqi janrı üzrə dünya şöhrətli ifaçı DJ Kavem söyləyib.
Azərbaycanda Amerika günləri çərçivəsində DJ Kavem və ABŞ-ın ölkəmizdəki səfirliyinin bir qrup nümayəndəsi Goranboyun Nizami kəndində fermer Tofiq Hüseynovun təsərrüfatında olublar. Xarici qonaqlar fermerin bağında təbii üsulla yetişdirilən ağaclara və meyvələrə baxıblar.
Meyvə bağının suvarılması, istifadə edilən təbii gübrələr və ağaclara digər aqrotexniki qulluq barədə DJ Kavemə məlumat verilib. Orqanik məhsul yetişdirilməsində topladığı təcrübəni azərbaycanlı həmkarları ilə bölüşən məşhur musiqiçi insanları sağlam qida ilə təmin etmək istiqamətində səylə çalışdığını bildirib.
DJ Kavem və səfirlik əməkdaşları goranboylu fermerin təsərrüfatındakı arı ailəsinə və iribuynuzlu heyvanlara da baxıblar.
ABŞ səfirliyinin nümayəndəsi Emi Piterson bildirib ki, buraya gəlməklərinin səbəbi Amerika mədəniyyəti günləri çərçivəsində öz milli dəyərlərini təbliğ etməkdir.
Qeyd edək ki, DJ Kavem Amerika Birləşmiş Ştatlarında orqanik məhsulların yetişdirilməsi istiqamətində konsepsiyanın müəlliflərindən, aparılan təbliğatın öncüllərindən hesab edilir. Müğənni bu məsələyə diqqət çəkmək üçün hətta ABŞ Prezidenti Barak Obama ilə də görüşüb.