ELM VƏ TƏHSİL
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsinə həsr olunan konfrans keçirilib
Bakı, 24 oktyabr, X.Cəfərova, AZƏRTAC
Oktyabrın 24-də Qərb Universitetində görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Sankt-Peterburqdan və Moskvadan gələn qonaqların iştirakı ilə keçirilən tədbirdə dünya şöhrətli müğənni Müslüm Maqomayevin musiqi sənətinə verdiyi töhfələrdən söz açılıb, ölməz sənətkarın bənzərsiz və zəngin yaradıcılığından, fitri istedadından danışılıb.
Qərb Universitetinin dizayn kafedrasının müdiri Pərvanə Əliyeva, baş müəllim Ramiz Aşurlu və başqaları böyük musiqiçinin həyat və yaradıcılığından, Azərbaycan musiqi mədəniyyətinə və dünya musiqi xəzinəsinə verdiyi misilsiz töhfələrdən bəhs ediblər.
Bildirilib ki, M.Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edən əfsanəvi sənətkar 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanıb. O, keçmiş sovet respublikaları ilə yanaşı, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İran və digər ölkələrdə möhtəşəm konsertlər verib, tamaşaçıların rəğbətini qazanıb. 1970-ci illərdən həyatını estradaya bağlayan sənətkar qeyri-adi populyarlığa sahib olub.
Opera və estrada müğənnisi M.Maqomayevin repertuarında 600-dək əsər var idi. Böyük müğənni həm də gözəl mahnılar müəllifi olub. Onun Xalq Şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli “Azərbaycan” mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərdir. Müğənni həm də “Oxuyur Müslüm Maqomayev”, “Nizami”, “Moskva notlarda” filmlərində çəkilib.
Vurğulanıb ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan böyük müğənninin nadir tembrli gözəl səsi, təkrarolunmaz səhnə ustalığı və nadir musiqi duyumu sənət aləmində atdığı ilk addımlardan onu milyonların sevimlisinə çevirib.
Konfransda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin aparıcı elmi işçisi Yavər Neymətlinin M.Maqomayevin “Şah İsmayıl” operası ilə bağlı məruzəsi dinlənilib.
Sonra “Oxuyur Müslüm Maqomayev” filminin baş rəssamı Rafiz İsmayılov görkəmli müğənni ilə bağlı xatirələrini bölüşüb.
Konfrans çərçivəsində dizayn fakültəsinin tələbələrinin böyük musiqiçiyə həsr etdikləri yaradıcılıq işlərindən ibarət sərgi təqdim olunub.