MƏDƏNİYYƏT
Dünya şöhrətli opera ifaçısı Lado Ataneli Bakıda
Bakı, 1 aprel, AZƏRTAC
Aprelin 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya şöhrətli opera ifaçısı Lado Atanelinin konserti keçiriləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin gün bütün operasevərlər ecazkar səs sahibi Lado Atanelinin möhtəşəm ifalarını canlı olaraq dinləmək imkanı qazanacaqlar.
İstedadlı müğənni Lado Ataneli 1960-cı il sentyabrın 9-da anadan olub. Bu günə kimi o, dünyanın ən möhtəşəm opera teatrlarında maraqlı konsert proqramları ilə çıxış edib və müxtəlif mükafatlara layiq görülüb.
Ecazkar səsə sahib olan ifaçı “Bal-Maskarad” operasında Renato, “Aida”da Amonasro, Verdinin eyniadlı əsərlərində Nabukko və Makbet, “Otello” operasında Yaqo, “Traviate”də Jermon, “Don Karlos” əsərində Rodriqo, markiz Poza rollarını məharətlə ifa edib. Opera sənətində müğənniyə ən böyük uğuru isə Puççinninin “Toska” operasında baron Skarpya və Leonkavallonun “Payatsı” əsərində Tonionun partiyası qazandırıb.