MƏDƏNİYYƏT
Dünya şöhrətli skripkaçı İtzhak Perlman Heydər Əliyev Mərkəzində konsert verəcəkdir VİDEO
Bakı, 18 aprel (AZƏRTAC). Aprelin 28-də Heydər Əliyev Mərkəzində dünya şöhrətli skripkaçı, 15 “Qremmi” və 4 “Emmi” mükafatı laureatı İtzhak Perlmanın konserti olacaqdır. Yəhudi əsilli amerikalı musiqiçi Bakı tamaşaçıları qarşısında tanınmış şri-lankalı pianoçu Rohan de Silvanın müşayiəti ilə çıxış edəcəkdir. Klassik musiqi gecəsində dahi bəstəkarlar Lüdviq van Bethovenin, Rixard Ştrausun və Klod Debüssinin ölməz əsərləri təqdim olunacaqdır.
İtzhak Perlman 1945-ci ildə İsraildə doğulmuş, Təl-Əviv Musiqi Akademiyasında, daha sonra ABŞ-ın incəsənət sahəsində ən böyük tədris müəssisələrindən olan Culyard Məktəbində təhsil almışdır. 1964-cü ildə Amerikada akademik musiqi ifaçıları arasında keçirilən nüfuzlu Leventrit Müsabiqəsinin qalibi olmuş və bu, onun gələcək karyerasına əhəmiyyətli təsir göstərmişdir. Virtuoz skripkaçı həmin vaxtdan məşhur orkestrlərlə və solo konsertlərlə dünyanı dolaşır. İndiyədək müxtəlif ölkələrin mötəbər salonlarında, o cümlədən ABŞ-ın Kennedi Mərkəzində, bir neçə dəfə Ağ Evdə çıxış etmişdir.
İtzhak Perlman həm də dirijorluğu ilə tamaşaçıları heyran etmişdir. Nyu-York Filarmoniyası, Milli Simfonik Orkestr, Filadelfiya Orkestri, Los-Anceles Filarmoniyası, Çikaqo, Boston, San-Fransisko, Sent-Luis, Dallas, Hyuston simfonik orkestrləri və digər kollektivlər onun rəhbərliyi altında konsert proqramları ilə çıxış etmişdir.
İtzhak Perlman 2005-ci ildə Culyard Məktəbinin 100 illik yubileyi münasibətilə bu təhsil müəssisəsinin fəxri doktoru adına və medala layiq görülmüşdür. O, 1986-cı ildə ABŞ-ın “Azadlıq medalı”, 2000-ci ildə isə “Milli incəsənət medalı” ilə təltif olunmuşdur.