CƏMİYYƏT


Dünya şöhrətli transplantoloq Azərbaycan Tibb Universitetində mühazirə oxuyub

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC

Koreya Respublikasının Tibbi Liderlər Korporasiyasının (MLC) prezidenti, professor Duck-Jong Hanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinə Koreya Mərkəzi və Cənubi Amerika Assosiasiyasının sədr müavini Soong Chull Shin, MLC-nin baş katibi Sang Min An daxildirlər.

Görüşdə G.Gəraybəyli rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, Azərbaycanda yeganə ali tibb təhsili verən Tibb Universitetində hazırda 8 minə yaxın tələbə və rezident təhsil alır. Onların 1000 nəfərdən çoxu xarici tələbədir. Rektor, həmçinin ATU-nun müasir tibb avadanlıqları ilə təchiz olunmuş 4 klinikasının fəaliyyət göstərdiyini, burada həm tədris prosesinin həyata keçirildiyini, həm də əhaliyə keyfiyyətli tibb xidməti göstərildiyini bildirib.

Orqan nəqli üzrə dünya şöhrətli alim Duck-Jong Han qeyd edib ki, Koreya Tibbi Liderlər Korporasiyası Azərbaycandan olan professor-həkimlərlə əməkdaşlığın qurulmasında çox maraqlıdır.

Qonaqlar ATU-nun klinikaları, o cümlədən tədris təlim mərkəzindəki simulyasiya otaqları ilə tanış olublar.

Sonra ATU-nun Tədris Cərrahiyyə Klinikasında koreyalı alimlərin iştirakı ilə toplantı keçirilib. Klinikanın direktoru, professor Surxay Hadıyev son illər Koreya Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın daha da gücləndiyini qeyd edib: “Son illər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr yaradılıb. Səhiyyə sahəsində də mühüm addımlar atılıb. Hətta 2007-ci ildə Koreyadan gələn həkim briqadası Qəbələdə öz təcrübələrini bizim həkimlərlə bölüşmüşdülər. Ümid edirəm ki, aramızdaki körpü daimi olacaq”.

Professor Duck-Jong Han Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək Seulda fəaliyyət göstərən “Asan” klinikasının fəaliyyəti haqqında məlumat verib. Onun sözlərinə görə, Koreyada ilk dəfə 1992-ci ildə vəfat etmiş şəxsdən mədəaltı vəzin və böyrəyin köçürülməsi əməliyyatı həyata keçirilib. “Asan” klinikası 2000-ci ildə mininci böyrəkköçürülmə əməliyyatını icra edib.

Daha sonra Duck-Jong Han “Böyrək və pankreasın köçürülməsi” mövzusunda maraqlı mühazirə ilə ATU-nun tələbələri və rezidentləri qarşısında çıxış edib. Məlumat verib ki, ölkəsində indiyədək 4000 böyrək, 300 mədəaltı vəz transplantasiyası həyata keçirilib. Koreyada ən kiçik donor dördaylıq, ən yaşlısı isə 80 yaşında olub.

Mühazirədən sonra koreyalı professor tədbir iştirakçılarının suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.