MƏDƏNİYYƏT
Dünya şöhrətli yazıçının “Yazı sənəti” kitabı dilimizə tərcümə olunub
Bakı, 11 yanvar, AZƏRTAC
Məşhur bestsellerlər müəllifi, ABŞ yazıçısı Stiven Kinqin “Yazı sənəti” (“On Writing”) adlı kitabının dilimizə orijinaldan birbaşa tərcüməsi işıq üzü görüb.
“Elm və təhsil” nəşriyyatında çapdan çıxan kitabı ingilis dilindən Kazım Səlimov tərcümə edib.
Tərcüməçi AZƏRTAC-a bildirib ki, Azərbaycan dilində yenicə nəşr olunmuş bu əsərdə Stiven Kinq öz həyatının müxtəlif dövrlərinə aid epizodlarının təsvirini yazı yazmaq sənətkarlığı yolunda püxtələşməsi prosesinin təsviri ilə üzvi surətdə ustalıqla birləşdirib.
Kitabın xatirələr xarakterli hissələrində həmin dövrdə orta ABŞ ailəsinin (əsasən Stivenin öz ailəsinin) gündəlik həyatının fraqmentləri parlaq və dəqiq fotoşəkillər kimi əks olunub.
Kitabda yazı yazmaq sənətinin, Kinqin fikrincə, vacib qaydaları, gözə görünməyən və o qədər də sadə olmayan incəlikləri çox təbii üsullarla, əyani nümunələrlə, eyni zamanda, yazıçıya xas olan yumor, istehza, gözəl dialoqlar, lakonik təsvirlər və s.oxucuya çatdırılır.
Həcmi 316 səhifə olan bu kitab yazı yazmaqla məşğul olan, səliqəli işləməyi sevən hər bir şəxs üçün faydalı və maraqlı ola bilər.