DÜNYA
Dünya tarixin ən səs-küylü məhkəmə işinin sona çatmasını yad edir
Bakı, 30 sentyabr, AZƏRTAC
Yetmiş il bundan əvvəl, 1946-cı il sentyabrın 30-da bəşəriyyət tarixinin ən səs-küylü məhkəmə işinin – Nürnberq prosesinin hökmü oxunub. Bu, dünyada bütöv ölkə hökuməti - nasist Almaniyası rəhbərliyi üzərində ilk məhkəmə işi olub.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, 1945-ci il noyabrın 20-də başlayan Nürnberq prosesində 400-dən çox ictimai iclas keçirilib, 360 şahid dindirilib və 200 min yazılı ifadəyə baxılıb. 1946-ci il oktyabrın 1-də Üçüncü Reyxin yanında yüksək vəzifə tutan 22 müttəhim barəsində qərar açıqlanıb. Onlar bütün dünyaya qarşı aqressiv müharibədə və bəşəri cinayətlərdə günahkar bilinib.
Nəticədə 19 nasist, o cümlədən “lyuftvaffe”yə rəhbərlik edən Herman Herinq ölüm hökmünə məhkum olunub. Lakin Herinq cəzasını gözləməyərək özünü öldürüb. Əsas nasist caniləri Hitler, Himmler və Hebbels isə hələ məhkəmə başlamamış, 1945-ci ilin baharında intihar edib. Məhkəmə digərlərinə müxtəlif həbs cəzaları verib, yalnız üç nəfər bəraət qazanıb.
Nürnberq tribunalı 1998-ci ildə yaradılan və soyqırımı, hərbi cinayətləri, həmçinin bəşəriyyətə qarşı cinayətləri araşdıran Beynəlxalq məhkəməyə nümunə olub.