DÜNYA
Dünya üzrə ağac məhsullarının istehsalı dalbadal dörd ildir artır
Bakı, 19 dekabr, AZƏRTAC
Dünyada ağac məhsullarının istehsalı dalbadal dörd ildir artır. 2013-cü ildə istehsalın həcmi taxta-şalban istisna olmaqla, bütün mal qrupları üzrə 2007-ci ildəki böhrandan əvvəlki səviyyədən yüksək olub. Elektron nəşrlərin ənənəvi çap KİV-lərini getdikcə daha çox sıxışdırıb çıxarması kağız məhsulları istehsalının tənəzzülə uğramasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni məruzəsində yer alıb. Məlumatda deyilir ki, Asiya-Sakit Okean regionu, Latın Amerikası və Karib dəniz hövzəsi, habelə Şimali Amerikada meşə məhsullarının əsas növlərinin istehsalı artıb, bu da həmin regionların resessiyadan uğurla çıxdığını göstəricisidir. Lakin Avropada istehsal əksinə, hələ 2012-ci ildən yavaşıyıb və hələ də bərpa oluna bilmir. Bu, ələlxüsus Qərbio və Cənubi Avropada müşahidə olunur.
2013-cü ildə kömür istehsalı 2012-ci il ilə müqayisədə 12 faiz artaraq, 22 milyon tona çatıb. 2013-cü ildə dünya üzrə kömür istehsalının və istehlakının demək olar bütün həcmi iki başlıca bazarın – Avropanın və Şimali Amerikanın payına düşüb.
Ötən il taxta-şalban istehsalı əvvəlki illə müqayisədə 4,6 faiz artaraq 421 milyon kubmetr təşkil edib.
Amma Çində sellüloz-kağız məhsullarına tələbatın azalması nəticəsində həmin məhsulların bazarı tənəzzülə uğrayıb. FAO-nun meşə təsərrüfatı sahəsində böyük iqtisadçısı Adrian Uaytman deyib: “Gələcəkdə Çində kağız istehlakında dəyişiklikləri nəzərə almaq lazımdır. Qərb ölkələri sakinlərinin çoxu kimi Çİn sakinləri də tədricən elektron kütləvi informasiya vasitələrinə keçməyə başlayıblar. Bu meylin davam etməsi nəticəsində kağız sənayesi məhsullarına tələbatın çox olduğu az sayda mərkəzlərdən biri də yoxa çıxacaq”.
Bununla belə, Çinin digər meşə məhsullarının istehsalçısı və istehlakçısı kimi rolu artır. Çin 2013-cü ildə taxta-şalban istehsalına görə Kanadanı, istehlakına görə isə ABŞ-ı geridə qoyub. Dəyirmi ağac məhsulları və taxta-şalban idxalı da 18 faiz artaraq, 2013-cü ildə rekord həddə çatıb.
Təbəqə şəklində ağac məhsulları və taxta-şalban istehsalı və istehlakı dünya regionlarının çoxunda sabit və sürətli artım nümayiş etdirir.