CƏMİYYƏT


Dünyada əlillik problemlərinin tam həll olunduğu bir təcrübə yoxdur

Bakı, 25 may, AZƏRTAC

Müasir Azərbaycan Respublikasında qəbul edilmiş qanunlar və normativ-hüquqi aktlar əlilliyi olan şəxslərin sosial müdafiəsi və hüquqlarının qorunmasına, onların ictimai həyatın bütün sahələrində iştirak etmək üçün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru Vüqar Həsənov nazirliyin rəsmi mətbu orqanı olan “Sosial həyat” jurnalındakı məqaləsində açıqlayıb.

V.Həsənov qeyd edib ki, bu gün ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı dövlət siyasəti məhz onların müstəqilliyi, sosial inteqrasiyası, onların hər kəslə bərabər imkanlar əldə etməsi və cəmiyyətin həyatında iştirak etmək hüququnun səmərəli surətdə həyata keçirilməsi prinsipləri üzərində qurulub. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların hüquq, azadlıq və qanuni mənafelərinin qorunması məhkəmə qaydasında və ya qanunda müəyyənləşdirilmiş başqa qaydada dövlət tərəfindən təmin olunur.

Bildirilib ki, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanuna uyğun olaraq Azərbaycan Respublikasında əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar BMT Baş Məclisinin qəbul etdiyi əlillərin hüquq bəyannaməsində, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və başqa qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Onlar barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan oğlan və qızların vəziyyəti, eləcə də onların hüquqlarının qorunması, təhsili, reabilitasiyası, sosial müdafiəsi və digər sahələrdə onlara münasibətdə hər hansı fərq yoxdur.

V.Həsənov qeyd edib ki, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanuna əsasən Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları, müəssisələri (birlikləri), idarələri və təşkilatları (mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq) sosial infrastruktur obyektlərinin, mənzillərin, ictimai, istehsal binalarının və qurğularının əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara maneəsiz uyğunlaşdırılması, ictimai nəqliyyatdan və nəqliyyat kommunikasiyalarından, rabitə və informasiya vasitələrindən, istirahət və asudə vaxt yerlərindən onların sərbəst istifadə etməsi üçün lazımi şəraiti təmin etməlidirlər. Əlilliyi olan insanların informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə imkanlarının artırılması məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı tərəfindən birgə həyata keçirilən layihə çərçivəsində Azərbaycanın üç bölgəsində informasiya mərkəzləri yaradılıb. Onlardan biri Bakıda, digərləri isə regional olmaqla Gəncə və Naxçıvanda yaradılıb. Müasir texnologiyalarla təchiz olunmuş bu mərkəzlərdə oxu zalları, təlim-tədris mərkəzləri, audiokitabxanalar, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyaları, sürətli internetə çıxışla və xüsusi olaraq görmə qabiliyyəti məhdud uşaqlar üçün nəzərdə tutulmuş son model kompüterlərlə təmin olunmuş kompüter mərkəzləri və kinozallar fəaliyyət göstərir.

Bu mərkəzlərdə 1000-ə yaxın Brayl əlifbası ilə nəşr olunmuş kitablar, kinozallarda danışma və eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün subtitrli filmlərin nümayişi, əqli cəhətdən zəif insanlar üçün zehni inkişaf etdirən kompüter oyunları otağı istifadəyə verilib. Buraya əlil arabası ilə gələnlər maneəsiz hərəkət edə biləcəklər.

Uşaqlarda əqli inkişafın gizli qüsurlarını, hiss üzvlərinin, hərəkət sisteminin pozulmalarını erkən aşkar etmək məqsədilə səhiyyə müəssisələri bir yaşa qədər bütün uşaqların ixtisaslaşdırılmış uşaq diaqnostika mərkəzlərində və uşaq poliklinikalarında müayinə olunmasını və dispanser müşahidəyə götürülməsini təmin edirlər. Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi, peşə və sosial reabilitasiyası müvafiq icra hakimiyyəti orqanları, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının nümayəndələrinin iştirakı ilə tibbi-sosial ekspert komissiyasının rəyi əsasında müəyyənləşdirilmiş fərdi reabilitasiya proqramı üzrə həyata keçirilir. Fərdi reabilitasiya proqramı reabilitasiya tədbirlərini, habelə sosial yardımın növlərinin konkret həcmini, növünü və icrası müddətini müəyyən edir. Bununla əlaqədar hazırda ölkədə 15 Əlillərin bərpa mərkəzi fəaliyyət göstərir. Əlillərin bərpa mərkəzlərində reabilitasiya potensialı olan bütün dərəcələrdən olan əlilliyi olan şəxslər tibbi-sosial reabilitasiya xidməti alırlar. Əlillərin bərpa mərkəzlərinə əlilliyi olan şəxslərin qəbulu səhiyyə müəssisələri və tibbi-sosial ekspert komissiyalarının göndərişi əsasında həyata keçirilir. Əlillərin bərpa mərkəzlərində əlilliyi olan şəxslər dərman müalicəsi, fizioterapevtik müalicə, palçıq müalicəsi, müalicəvi bədən tərbiyəsi, su proseduraları və digər müalicə üsulları ilə müalicə edilirlər.

Protez-ortopedik bərpa mərkəzində əlilliyi olan insanlar istər ambulator, istərsə də stasionar şəraitdə protez-ortopedik məmulatlarla, eləcə də əlil arabaları, eşitmə aparatları və digər reabilitasiya vasitələri ilə təmin edilir. Qanunvericiliyə görə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların peşə hazırlığı və əlavə təhsili fərdi reabilitasiya proqramına və əlillərin reabilitasiyası haqqında dövlət proqramına uyğun olaraq təhsil müəssisələrində, o cümlədən dövlət məşğulluq xidmətinin tədris mərkəzlərində, müəssisələrdə və təşkilatlarda (ixtisaslaşdırılmış və ya ümumi tipli) əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara sosial yardım göstərən idarələr və onların ictimai təşkilatları ilə birlikdə təmin edilməlidir. Bunun üçün isə fərdi reabilitasiya proqramının beynəlxalq normalara uyğun qaydaları və mexanizmi işlənib hazırlanmalıdır. Dövlət məşğulluq xidməti əmək qabiliyyətli əlillərə onların peşə hazırlığı, yeni peşə öyrənilməsi və məşğulluq imkanlarını müəyyən etmək məqsədilə peşəyönümü xidməti göstərilməsini təmin edir. Görmə qabiliyyəti məhdud olan uşaqlar Brayl yazı sistemi ilə çap olunmuş dərsliklərlə, danışan kitablarla, əyani vasitələrlə, xüsusi maqnitafonlarla, lupalar, əl ağacları, eşitmə qabiliyyəti məhdud olan şəxslər eşitmə cihazları və digər tiflo-surdotexniki vasitələri ilə təmin olunur, onlar üçün xüsusi məktəblər və səsyazma studiyaları yaradılır, xüsusi kitabxanalar təşkil edilir.

V.Həsənov qeyd edib ki, əlillik özü-özlüyündə hər bir cəmiyyətin qaça bilmədiyi sosial fenomeni əks etdirir və hər bir dövlət öz inkişafı və imkanları səviyyəsinə uyğun olaraq əlillərə münasibətdə sosial və iqtisadi siyasətini formalaşdırır. Təsadüfi deyil ki, əlilliyə münasibət, əlilliyin qarşısının alınması, reabilitasiyası və sosial müdafiəsi dövlətin sosial siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünyada yaşayan əhalinin 15 faizi əlilliyi olan şəxsdir. Dünyada əlillik problemlərinin tam həll olunduğu bir təcrübə yoxdur. Cəmiyyət inkişaf etdikcə yeni tələblər, yeni texnologiyalar meydana çıxır və bunlara adaptasiya müəyyən vaxt tələb edir. Biz daxili resurslardan bəhrələnərək və beynəlxalq təcrübəyə əsaslanaraq məhdudiyyətli insanların cəmiyyətimizin təminatlı, dəyərli və bərabərhüquqlu üzvünə çevrilməsi istiqamətində işimizi və səylərimizi inamla davam etdirməliyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.