DÜNYA
Dünyada hər dördüncü mobil qurğu zərərli proqram təminatına yoluxub
Bakı, 5 iyul, AZƏRTAC
“Skycure” şirkəti dünyada hər dördüncü mobil qurğunun zərərli proqram təminatına yoluxması barədə açıqlama verib. Şirkətin təhlükəsizlik təhdidlərinə həsr edilən rüblük hesabatına görə, zərərli proqramlar “Apple” istehsalı olan korporativ qurğuların 3 faizində və “Android” sistemli qurğuların 5,7 faizində quraşdırılıb.
AZƏRTAC “ictnews.az” saytına istinadla xəbər verir ki, “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən korporativ qurğular üçün zərərli proqram təminatı (76 unikal nümunə) “iOS” (22 faiz) ilə müqayisədə müxtəlifliyi ilə seçilir.
“Google” şirkətinin mobil əməliyyat sistemi hakerlər üçün zərərli proqramların yaradılması və yayılması üçün böyük imkanlar açır. Lakin buna baxmayaraq, “Skycure” şirkətinin tədqiqatından məlum olub ki, hər iki sistem üçün zərərli proqram təminatı nümunələrinin sayı sürətlə artmaqda davam edir.
Müəssisələrdə “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən istifadədə olan hər beşinci qurğu (19,3 faiz) kənar mənbələrdən əlavələr quraşdırmağa imkan verir. Etibarsız mənbələrdən quraşdırılan proqramların əksəriyyətində zərərli proqram təminatının olmasına görə onlar korporativ məlumatların təhlükəsizliyi üçün ciddi təhlükə törədir.
Ən təhlükəsiz əlavələr mağazalarından biri “Google Play Store” (hər 1600 əlavə üçün 1 zərərli əlavə) hesab edilir. Viruslara 2 və 12 dəfə daha çox “Samsung” və “Amazon” mağazalarında rast gəlinir.