CƏMİYYƏT
Dünyada ilk dəfə malyariya əleyhinə hazırlanan vaksinə müsbət rəy verilib
Bakı, 25 iyul, AZƏRTAC
Dərman vasitələri üzrə Avropa agentliyi Böyük Britaniyanın “Glaxosmithkline” şirkətinin dünyada ilk dəfə malyariya əleyhinə hazırladığı vaksinə müsbət rəy verib. Bu barədə BBC teleşirkəti məlumat verib.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, oktyabr ayında Dünya Səhiyyə Təşkilatı uşaqlar üçün belə peyvəndin tətbiqi barədə qərar verəcək. "Pentaksim” adlı vaksin “Rosnano” şirkəti tərəfindən istehsal olunacaq.
Preparatı hazırlayan alimlər qrupunun rəhbəri, doktor Ripli Bala deyib: “Bu vaksin üzərində 30 il işləmişəm, indi mənim arzum həyata keçdi".
“Glaxosmithkline” vaksinin qiyməti barədə məlumat verməyib. Lakin qeyd edib ki, onun satışından gəlir götürmək niyyətində deyil.
Hər il malyariyadan dünyada 584 min adam ölür. Onların çoxunu Afrikada, Böyük Səhradan cənubda yaşayanlar, xüsusilə 5 yaşınadək uşaqlar təşkil edir.