İDMAN
Dünyada ilk dəfə olaraq Azərbaycanda Uşaq Paralimpiya Komitəsi yaradılmışdır
Sumqayıt, 27 sentyabr (AZƏRTAC). Sentyabrın 27-də Sumqayıt Paralimpiya İdman Kompleksində Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) İcraiyyə Komitəsinin iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iclasda dövlət qurumlarının, beynəlxalq təşkilatların respublikamızda fəaliyyət göstərən nümayəndəliklərinin, xarici ölkə səfirliklərinin, ali məktəb, qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak etmişlər.
İclasa rəhbərlik edən AMPK-nın prezidenti İlqar Rəhimov qeyd etmişdir ki, 1996–cı ildə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə 2 idman növü ilə fəaliyyətə başlayan paralimpiya hərəkatı inkişafının hazırkı mərhələsində 11 idman növündə yüzlərlə idmançını öz ətrafına toplamağa müvəffəq olmuşdur. Azərbaycan paralimpiyaçılarının 2012– ci il XIV London Yay Paralimpiya Oyunlarında qazandıqları uğurlu nəticə, 12 medalla 166 ölkə arasında 27–ci yerə sahib olmaq ölkəmiz üçün böyük nəticədir.
Məlumat verilmişdir ki, əldə olunmuş nailiyyətlərin qorunub saxlanılması, inkişaf etdirilməsi və 2016-cı il XV Rio de-Janeyro Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar komitə tərəfindən “Azərbaycan Milli Paralimpiya Komitəsinin növbəti 4 il üçün (2013-2016-cı illər) Strateji Fəaliyyət Planı” təsdiq edilmişdir. Planda respublikanın bütün regionlarında paralimpiya hərəkatının genişləndirilməsi məqsədilə peşəkar əlil idmanının inkişafı, təşkilati idarəetmənin təkmilləşdirilməsi, təbliğat-təşviqat işlərinin və beynəlxalq idman qurumları ilə əlaqələrin genişləndirilməsi ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların seçilərək peşəkar idmana cəlb olunmaları məsələsi də öz əksini tapmışdır.
Respublikada sağlamlıq imkanları məhdud uşaqların kütləvi idman və bədən tərbiyəsində daha fəal iştirakına nail olmaqla, paralimpiya idman növləri üzrə ehtiyat idmançıların hazırlanması işini sürətləndirmək məqsədilə AMPK-nın nəzdində paralimpiya hərəkatının yaradılması üçün komitənin işçi qrupu yaradılmış və tədbirlər planı təsdiq edilmişdir.
İclasda “AMPK-nın nəzdində uşaq paralimpiya hərəkatının inkişafına dair (2013-2016-cı illər üçün) Konsepsiya”sı müzakirə edilərək təsdiq edilmişdir. AMPK-nın nəzdində Uşaq Paralimpiya Komitəsinin yaradılması haqqında qərar qəbul edilmiş, qurumun 13 nəfərdən ibarət İdarə heyəti təsdiq edilmişdir. AMPK-nın birinci vitse- prezidenti Natiq Qasımov komitənin idarə heyətinin sədri, qurumun inkişaf, informasiya və təhsil şöbəsinin müdiri Kamal Məmmədov idarə heyətinin sədrinin müavini-icraçı direktor vəzifələrinə təyin edilmişlər.
İclasda Milli Məclisin deputatı Rauf Əliyev, milli paralimpiya komandasının kapitanı İlham Zəkiyev, AMPK-nın vitse-prezidenti Şaiq Həmidov, Gözdən Əlillər Cəmiyyətinin prezidenti Səmyar Abdullayev, 1-ci qrup əlil İlham Məhərrəmov, “Müşfiq” İctimai Birliyinin rəhbəri Validə Abbasova, “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Dadaş Quliyev, “DAN” İctimai Birliyinin sədri Gülarə Teymurova, “Odlar Yurdu” Universitetinin informasiya-kommunikasiya texnologiyaları üzrə prorektoru, “Elektron təlimləndirən sistemlər” layihəsinin rəhbəri Salam Əliyev, UNİCEF-in Azərbaycan nümayəndəliyinin yeniyetmə və gənclərin inkişafı üzrə mütəxəssisi Natiq Umarov və “Əlil idmançılara dəstək” İctimai Birliyinin sədri Vüsalə Kərimova çıxış edərək müzakirə olunan məsələlərə münasibətlərini bildirmişlər. Qeyd etmişlər ki, dünyada ilk dəfə olaraq AMPK-nın nəzdində Uşaq Paralimpiya Komitəsinin yaradılması ölkəmizdə idmana, bədən tərbiyəsinə, paralimpiya hərəkatına göstərilən dövlət qayğısının əyani təzahürüdür. Bu, sağlamlıq imkanları məhdud uşaqların idmanla məşğul olmaları ilə yanaşı, onların cəmiyyətə inteqrasiyasının təmin olunması deməkdir.
İclasın sonunda AMPK-nın paralimpiya komandasının kapitanı,
ikiqat paralimpiya və dünya, dördqat Avropa çempionu İlham Zəkiyev uşaq paralimpiya hərəkatına qoşulmaq istəyən ilk təşəbbüskar, qılıncoynatma idmanı ilə məşğul olmaq istəyən Bakı Uşaq Bərpa Mərkəzində reabilitasiya keçən 14 yaşlı Əlivahid Zeynallıya
və ona dəstək olmaq istəyən cüdo idmanı ilə məşğul olan 9 yaşlı
Murad Məmmədova Uşaq Paralimpiya Komitəsinin yaranması münasibətilə xatirə medalı və AMPK-nın bayrağını hədiyyə etmişdir.