CƏMİYYƏT
Dünyada insanların zorakılıqla yoxa çıxması hallarının sayı artır
Bakı, 19 sentyabr, AZƏRTAC
Hər il dünyada on minlərlə, bəzən hətta yüz minlərlə insan izsiz-soraqsız yoxa çıxır. Son vaxtlar belə halların sayı sürətlə artır. BMT-nin yeni hesabatında bildirilir ki, ötən il dünyanın 37 ölkəsindən insanların zorakılıqla yoxa çıxmasına dair 766 yeni şikayət daxil olub.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, hesabat BMT-nin zorakı yoxa çıxmalara dair İşçi qrupu tərəfindən hazırlanıb. Sənəddə deyilir ki, son bir ildə İşçi qrupa əvvəlki illə müqayisədə üç dəfə çox şikayət daxil olub.
Hesabat müəllifləri zorakılıqla yoxa çıxma qurbanlarına, habelə itkinlərin ailələrinə, şahidlərə və bu işlər üzrə fəaliyyət göstərən hüquq müdafiəçilərinə qarşı təhdid, hədə-qorxu və repressiyalarla bağlı narahatlığını bildiriblər. BMT ekspertləri diqqəti sayı getdikcə artan qısamüddətli yoxa çıxma hallarına yönəldib. Onlar xatırladıb ki, zorakı yoxa çıxma praktikası bütün hallarda, o cümlədən müharibə və terrorizmə qarşı mübarizə şəraitində də qeyri-qanunidir.
Növbəti hesabatında İşçi qrupu zorakı yoxa çıxma problemini miqrasiya kontekstində nəzərdən keçirmək niyyətindədir.