CƏMİYYƏT


Dünyadakı bütün qaçqınların yarısını təşkil edən uşaqlar beynəlxalq birliyin təcili yardımına ehtiyac duyurlar

Bakı, 9 dekabr, AZƏRTAC

Silahlı münaqişələr və zorakılıq nəticəsində öz evlərini tərk etməyə məcbur olmuş saysız-hesabsız insanlar arasında milyonlarla azyaşlı oğlan və qız var. Bu uşaqlar beynəlxalq birliyin təcili yardımına və müdafiəsinə ehtiyac duyurlar.

AZƏRTAC BMT xəbərlər mərkəzinə istinadla bildirir ki, BMT-nin qaçqınlar məsələsi üzrə ali komissarı (BMT QAK) Filippo Qrandi bu sözləri Cenevrədə, köçkün uşaqların müdafiəsinə həsr edilmiş ikigünlük konfransdakı çıxışında söyləyib.

Filippo Qrandinin sözlərinə görə, hazırda dünyada 21,3 milyon qaçqın var. Onların ümumi sayının 51 faizi uşaqların payına düşür. Xüsusən yaşlı doğmalarının müşayiət etmədiyi uşaqlar “canlı əmtəə” alverçilərinin və digər cinayətkarların əllərinə keçmək kimi yeni təhlükələrlə üzləşməyə risk edirlər. Təhsil almaq imkanından məhrum olan bu uşaqların hər hansı müdafiə şansı yoxdur. Bəzən bu uşaqlar hətta onlarla birlikdə gəzib-dolaşan insanlar tərəfindən istismara məruz qalırlar.

Ali komissar deyib: “Xüsusən onları müşayiət edən yaşlı doğmaları və ya yaxınları olmayan köçkün uşaqlar çox ciddi təhlükələrlə üzləşirlər”.

Filippo Qrandi daha sonra deyib: “Biz bu vəziyyətlə barışa bilmərik. Bu uşaqların hüquqları uğrunda mübarizə aparmalı, vəziyyətdən çıxış yolu tapmalıyıq”.

Ali komissar bu il sentyabr ayında Nyu-York Sammitində qaçqınlar barədə qəbul edilmiş bəyannaməni xatırladıb. BMT üzvü olan dövlətlər həmin sənəddə “köçkün uşaqların üzləşdikləri problemləri həll etmək məqsədilə praktiki addımlar atmağı” vəd ediblər. Ali komissar uşaqların leqal miqrasiyası üçün xüsusən köçürülmə və ailələrin yenidən birləşdirilməsi proqramlarında nəzərdə tutulmuş imkanlardan daha fəal istifadə etməyə çağırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.