MƏDƏNİYYƏT
Dünyanın 70-dək ölkəsinin nümayəndələri Musiqili Teatrda “O olmasın, bu olsun” tamaşasına baxıblar
Bakı, 4 may, AZƏRTAC
Paytaxtımızda keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində ölkəmizə gəlmiş qonaqlar Azərbaycan Dövlət Musiqili Teatrında olublar.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 70-dək ölkənin rəsmi nümayəndələri Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasına baxıblar. Tamaşadan xoş təəssüratlarla ayrılan ali mənsəbli qonaqlar teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevlə söhbətləri zamanı ecazkar və möhtəşəm tamaşadan zövq aldıqlarını bildiriblər.
Qeyd edək ki, “O olmasın, bu olsun” tamaşasının quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır. Rolları xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Səmədzadə Xasıyev, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları canlandırıblar.