CƏMİYYƏT
Dünyanın bir çox ölkəsindən Azərbaycan Tibb Universitetinin tələbəsi adını qazanmağı istəyənlər var
Bakı, 24 avqust, AZƏRTAC
Avqustun 20-dən etibarən Azərbaycan Tibb Universitetinə (ATU) xarici vətəndaşların qəbuluna başlanılıb.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, artıq dörd gündür davam edən qəbul prosesi zamanı bir sıra xarici ölkə vətəndaşının Azərbaycan Tibb Universitetinin tələbəsi adını qazanmaq arzusunda olduğu müəyyən edilib. Belə ki, ATU-ya müraciət edənlər arasında Türkiyə, Rusiya, Ukrayna, İran, Nigeriya və digər ölkələrin vətəndaşları da var.
Universitetin rektoru, professor Gəray Gəraybəylinin əmri ilə ATU-ya xarici tələbələrin qəbulu prosesinə nəzarət komissiyası yaradılıb. Beş nəfərdən ibarət komissiyanın sədri ATU-nun ümumi işlər üzrə prorektoru Natiq Xəlilovdur.
Komissiyanın üzvləri ATU-ya qəbul olmaq istəyən xarici vətəndaşları müsahibədən keçirir, onların bilik səviyyəsini yoxlayır, qəbul üçün müvafiq sənədlərin qaydasında olmasına nəzarət edirlər.
Sənədlərin siyahısı ilə (http://www.amu.edu.az/az/pages/4661/4733) linkdə tanış olmaq olar.
Xarici tələbələrin sənəd qəbulu sentyabrın 30-dək davam edəcək.