DÜNYA
Dünyanın ən bahalı brendləri
Bakı, 6 iyun, AZƏRTAC
“Google”, “Apple”, “Microsoft”, “Amazon” və “Facebook” şirkətləri dünyanın ən bahalı brendlərinin ilk beşliyinə daxil olub.
Bu barədə Böyük Britaniyanın “WPP” və “Kantar Millward Brown” şirkətlərinin birgə hazırladığı “The BrandZ Global Top 100” adlı illik məruzədə məlumat verilib.
AZƏRTAC vesti.ru saytına istinadla xəbər verir ki, bu il liderlərin ilk üçlüyü əvvəlki mövqeyini saxlayıb. “Amazon” şirkəti göstəricilərini yaxşılaşdırmaqla yeddinci pillədən dördüncü pilləyə qalxmağa nail olub. “Facebook” isə əvvəlki yerində qərarlaşıb. Bu şirkətlərin gəliri reytinqə daxil olan 100 müəssisənin bütövlükdə gəlirinin 25 faizini təşkil edir. Brendlərin tədqiqatında iştirak edən şirkətlərin ümumi dəyəri isə 8 faiz artıb. O, 2016-cı ildə 3,4 trilyon dollar idisə, 2017-ci ildə 3,6 trilyon dollara çatıb.
Analitik tədqiqatın gedişatında dünyanın 50 bazarında təqdim edilmiş təxminən 120 min brendə üç milyondan çox alıcının münasibəti araşdırılıb. Bundan başqa, şirkətlərin müxtəlif maliyyə və biznes göstəriciləri nəzərə alınıb.