SİYASƏT
Dünyanın görkəmli siyasi xadimləri arasında Heydər Əliyevin xüsusi yeri və çəkisi var
Brüssel, 13 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi, NATO yanında daimi nümayəndəliyi və yerli diaspor təşkilatlarının iştirakı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Mərasimdə çıxış edən səfir Fuad İsgəndərov Ulu Öndərin keçdiyi şərəfli ömür yolundan danışıb, məhz onun uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası sayəsində Azərbaycan Respublikasının bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini bildirib. O, Heydər Əliyevin dünyanın görkəmli siyasi xadimləri arasında xüsusi yeri və çəkisi olduğunu deyib, gənc nəslin nümayəndələrinin Ulu Öndərin zəngin irsini dərindən öyrənməsinin önəmini vurğulayıb.
Azərbaycanın NATO yanında daimi nümayəndəsi Xəzər İbrahim çıxış edərək ölkəmizin müstəqilliyinin Heydər Əliyev tərəfindən qorunub saxlanıldığını və möhkəmləndirildiyini bildirib. O, dünya dövlətləri içərisində Azərbaycanın güclü ölkə və etibarlı tərəfdaş kimi tanınmasında Ulu Öndərin əvəzsiz rolunun olduğunu diqqətə çatdırıb.
Mərasimdə çıxış edən digər qonaqlar da Heydər Əliyev irsinin əbədi yaşayacağına əminliklərini bildiriblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel