DÜNYA
Dünyanın informasiya texnologiyaları üzrə 100 ən zəngin insanının adı açıqlanıb
Bakı, 12 avqust, AZƏRTAC
ABŞ-ın “Forbes” jurnalı informasiya texnologiyaları sahəsində planetin 100 ən zəngin insanının reytinqini dərc edib. Reytinqə əsasən, 10 ən zəngin insan varidatını ötən illə müqayisədə 64,9 milyard ABŞ dolları artırıb.
AZƏRTAC “Forbes.ru” saytına istinadla xəbər verir ki, 78 milyard ABŞ dollarına sahib olmaqla “Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts reytinqdə birinci, “Amazon.com” internet şirkətinin direktoru və “Blue Origin”in təsisçisi Ceff Bezos (66 milyard dollar) ikinci, “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq (54 milyard dollar) isə üçüncü yerlərdə qərarlaşıblar. İlk beşlikdə, həmçinin “Oracle” şirkətinin qurucusu Larri Ellison (51,7 milyard dollar) və “Google” şirkətinin təsisçiləri Larri Peyc (39 milyard dollar) və Sergey Brin (38,2 milyard dollar) yer alıblar.
İnformasiya texnologiyaları üzrə yüz ən zəngin insanın varidatı 892 milyard dollar təşkil edir.