SİYASƏT


Dünyanın nüfuzlu siyasi və dövlət xadimləri Qəbələdə bir araya gəlir

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da Qəbələ şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə X yüksək səviyyəli toplantı öz işinə başlayır.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə 20 ölkədən sabiq dövlət və hökumət başçıları, ümumilikdə 50-dək tanınmış siyasi və ictimai xadim, ekspert və elm adamı iştirak edir. İştirakçılar arasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Madrid Klubunun Prezidenti, Latviyanın sabiq dövlət başçısı Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Kolumbiyanın keçmiş dövlət başçısı Andres Pastrana, Bosniya və Herseqovinanın sabiq hökumət başçısı Zlatko Laqumciya, Latviyanın sabiq Prezidenti Valdis Zatlers və digər nüfuzlu şəxslər var.

“Artan zorakı ekstremizm və onun qarşısının alınması yolları” mövzusuna həsr olunan tədbirdə ekstremizmin yayılma səbəbləri, beynəlxalq sülhə və təhlükəsizliyə müasir təhdidlər, habelə terrorizm və ona qarşı mübarizə üsulları, terrora qarşı mübarizədə gənclərin rolu və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Toplantının açılış mərasimdə Latviyanın sabiq dövlət başçısı Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Niderlandın sabiq Baş naziri Vim Kok və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun çıxışı nəzərdə tutulub.

Açılış mərasimində Azərbaycan şairi Nizami Gəncəvinin 875 illiyinə həsr edilmiş videoçarx nümayiş olunacaq.

Tədbir öz işini dekabrın 10-da panel iclasları ilə davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.