ELM VƏ TƏHSİL
Dünyanın nüfuzlu universitetlərinin alimləri Bakıda bir araya gələcək
Bakı, 10 iyun, Xatirə Cəfərova, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “Thomson Reuters”in birgə təşkilatçılığı ilə dünyanın nüfuzlu universitetlərinin alimləri iyunun 14-də Bakıda bir araya gələcək. “Müasir universitetlərdə elmi fəaliyyətin idarə olunması modeli: innovativ inkişaf çağırışları və perspektivlər” mövzusunda keçiriləcək beynəlxalq konfrans ölkədə “Web of Science” platformasına çıxış əldə etməyə dəstək olacaq. Bu da öz növbəsində elmi-tədqiqat işlərinin dünyanın elmi ictimaiyyəti arasında tanıdılmasında mühüm rol oynayacaq.
Bu barədə AZƏRTAC-a UNEC-in elm şöbəsinin müdiri, professor Zahid Məmmədov məlumat verib.
Müsahibimiz qeyd edib ki, nüfuzlu alimlərin toplaşdığı bu konfransda elm və təhsilin qloballaşma dövründə bilik cəmiyyətinin tələblərinə uyğun olaraq elmə əsaslanan iqtisadiyyatın formalaşdırılması, Azərbaycanda mövcud intellektual potensialın qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi ilə əlaqədar məsələlər müzakirə olunacaq. Tədbirdə 15 ölkədən - Fransa, Almaniya, Litva, Türkiyə, Rusiya, Belarus, Moldova, Macarıstan, Polşa, Qazaxıstan və digər ölkələrdən universitetlərin müəllim və tədqiqatçıları iştirak edəcəklər. Nüfuzlu dünya universitetlərinin alimlərinin elmi məqalələrinin konfransa təqdim edilməsi ilə bağlı təşkilatçılara çoxsaylı müraciətlər daxil olub.
“Artıq universitetlər diplomlara görə deyil, elmi tədqiqatlara görə tanınır. Gələcəkdə “Web of Science” platformasında yerləşdirilə biləcək elmi jurnalların universitetlərlə ortaq nəşri haqqında düşünürük. Bu istiqamətdə layihələrimiz çoxdur”, - deyə Zahid Məmmədov bildirib.
Beynəlxalq standartlara uyğun olaraq elm, təhsil, tədqiqat formatlı universitetə keçidlə əlaqədar UNEC-də görülən tədbirlər barədə məlumat verən professor bu məqsədlə ilk növbədə dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters” şirkətinin Web of Science” platforması ilə əməkdaşlığa başlanıldığını bildirib.
Qeyd olunub ki, Azərbaycan professorlarının, UNEC-in müəllimlərinin əsərlərinin “Web of Science” platformasında yayılması, beynəlxalq elmi fəaliyyətin gücləndirilməsi əsas məsələlərdən biri kimi qarşıya qoyulub. Bununla əlaqədar “Thomson Reuters” Təhsil Nazirliyi ilə müqavilə imzaladıqdan sonra ayrı-ayrı universitetlər, o cümlədən UNEC-lə əməkdaşlığa başlayıb. Azərbaycanda ilk dəfə UNEC-də “Web of Science” platformasına giriş sertifikasiya proqramı üzrə təlimlər keçirilib, 20 nəfər sertifikata layiq görülüb.
Z.Məmmədov bildirib ki, UNEC və “Thomson Reuters” arasında birgə əməkdaşlıq çərçivəsində dünya standartlarına uyğun elmi jurnalın nəşr edilməsi planlaşdırılır və artıq elmimetrik mövzuda dərslik tərcümə olunub. Eyni zamanda, UNEC-də həm Azərbaycanın, həm də regionun digər ölkələrinin maraqlarına cavab verəcək elmimetrik laboratoriyanın açılması nəzərdə tutulur. Konfrans çərçivəsində UNEC-in bazasında Gənc Alimlər Məktəbi yaradılacaq. Bu məktəbin təsis edilməsi müasir tələblərə cavab verən elmi nəşrlərin və məqalələrin hazırlanmasında, elmi araşdırmaların keyfiyyətinin artırılmasında gənc alimlərə kömək göstərəcək.